
Misli Premyer Liqasının XII turunun son matçında "Neftçi" evdə "İmişli"yə 2:3 hesabı ilə məğlub oldu.
Görüşdən sonra meydan sahiblərinin kapitanı Emin Mahmudov Sport1.az-a müsahibə verdi...
- Qarşılaşma haqda nə deyə bilərsən?
- Danışmağın mənası yoxdur. Biabırçı nəticədir. Bərbad oyun idi. Standart vəziyyətlərdən belə rahat qol buraxırıqsa, deməli böyük problemlərimiz var. Ciddi şansları əldən veririk, boş qapıya topu göndərə bilmirik, axırda isə autdan qol buraxırıq.
- 2 dəfə hesabda önə keçib, yenə də uduzdunuz...
- "İmişli"nin yaxşı oyun üslubu var. Müdafiədə duraraq əks-hücumlara çıxırlar. Onlar haqqında danışmaq istəmirəm. Əsas problem hazırda "Neftçi"dir. Biz də bərbad oyun göstərdik.
- Əvvəl baş məşqçiniz adaptasiya problemlərinin olduğunu deyirdi. Bunu aradan qaldırmısınızsa, niyə nəticə yoxdur?
- Əslində hücumda pis oynamırıq. Yaxşı vəziyyətlər yaradırıq. Sadəcə komanda kimi müdafiə olunmağı bacarmırıq. Sadə qollar buraxırıq.
- Artıq nəinki çempionluq şansı, avrokubok ehtimalınızı da itirmək üzrəsiniz...
- Nəsə demək çətindir. Azarkeşlərimizin gözlədiyi oyunu vermirik. Üzücüdür.
- Qarşıda çətin "Turan Tovuz" səfəriniz var. Gözləntiniz nədir?
- Çətin səfər dedikdə, evdə belə uda bilmədik onları, qaldı səfərdə...
- Oyunun sonlarında azarkeşlər "istefa" şüarları səsləndirirdi. Sizcə, dəyişiklik nəyisə düzəldər?
- İstədiyim odur ki, hər şey yaxşıya doğru getsin. Baş məşqçi haqda danışmaq istəmirəm.
MİKAYIL HACIYEV