"Zirə" Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"ı məğlub edib - 3:2.
"Qartallar"ın hücumçusu Dimitri Leqbonun
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyunla bağlı fikirləriniz maraqlıdır...
- Çox çətin qarşılaşma oldu. Rəqib yaxşı komandadır, onlar həqiqətən güclü oynadılar.
- Hesabda öndə olduğunuz vaxt komandada arxayınlaşma yarandı, yoxsa yorğunluq var idi?
- Tempimiz aşağı düşdü. Rəqib bundan istifadə edərək irəli atıldı, bir qol vurdu, hətta ikinci qolu da vura bilərdilər. Amma oyundankənar vəziyyət qeydə alındı. Düşünürəm ki, növbəti oyunda daha yaxşı çıxış edə bilərik.
- Matça hazırlaşarkən "Sumqayıt"ın bu cür çıxış edəcəyini, "Zirə"ni çətinə salacağını gözləyirdiniz?
- Buna hazırlaşmışdıq. Çünki onların yaxşı komanda olduğunu, keyfiyyətli futbolçulara sahib olduqlarını və yaxşı oyun nümayiş etdirdiklərini bilirdik. Ona görə də bu cür çətin mübarizəyə əvvəlcədən hazır idik.
- Azərbaycan çempionatına tam olaraq uyğunlaşa bilmisiniz? Qısa zamanda komandaya bu cür öyrəşməyinizin sirri nədir?
- Çempionatın səviyyəsi həqiqətən çox yaxşıdır, keyfiyyət yüksəkdir. Yaxşı oyunçular və güclü komandalar var. Bura gəlməzdən əvvəl uzun müddət rəsmi oyun təcrübəm olmamışdı. Buna görə də addım-addım, oyundan-oyuna ən yaxşı formama qayıdıram.
- Meydanda çox fərqli mövqelərdə - sol cinah müdafiəçisi, vinger kimi çıxış edirsiniz. Bu, sizdə narahatlıq yaratmır? Özünüzü daha yaxşı göstərə biləcəyiniz ən ideal mövqeyiniz hansıdır?
- Ən yaxşı çıxış etdiyim mövqe sol cinah müdafiəsidir. Bəzən vinger kimi də çıxış edirəm. Həm solda, həm də sağda oynaya bilirəm. Əsas məqsədim komandama kömək etməkdir. Oynayarkən xoşbəxt oluram.
- "Zirə"yə gəlməyiniz üçün sizi cəlb edən əsas məqam nə oldu?
- Mənə təqdim etdikləri layihəni bəyəndim. Klubun direktoru mənimlə əlaqə saxladı və bu söhbət məni bura gəlməyə tam inandırdı. Onların mənimlə qurduğu ünsiyyət tərzi çox xoşuma gəldi. Mənə oynayacağımı dedilər. Futbolçu oynayanda xoşbəxt olur. "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti və məşqçilər korpusu var. Burada olduğum üçün çox məmnunam.