"Sabah" UEFA Çempionlar Liqasının 2-ci turunda "Slaviya"nı (Praqa) məğlub edib.
Sport1.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib baş məşqçi yarımmüdafiədə uduzduqlarını bildirdi. Bu, sizin taktiki gedişinizi hesab oluna bilər?
- Bununla razı deyiləm. Biz oyuna başlayanda təzyiq edirdik. Rəqibi yaxşı analiz etmişdik. Buna görə düzülüşdə müəyyən dəyişiklik etmişdik. İstədiklərimizə nail olduq. Futbolçularımızın oyunda qalmaqlarını istəyirdik. Rəqib fiziki baxımdan çox güclü komandadır. Belə komandaların boşluqlarını tapmaq çətin olur. Ənənəvi müdafiə xətti ilə oyuna çıxmamışdıq. Fasilədən sonra spesifik məsələlərə fokuslandıq. İkinci hissə erkən qol vurduq. Bəzən bəxtimiz gətirdi və qol buraxmadıq. Hesabı açandan sonra əminliyimiz artmışdı. Sonra ikinci qolu vurduq. Futbolçularım xarakter nümayiş etdirdilər. Mükəmməl nəticəyə imza atdıq. "Sabah" ilk ev oyununda qələbə qazandı. Bundan daha yaxşı nə ola bilər?!
- Növbəti görüş üçün azarkeşlərə nə vəd edirsiniz? Biz digər oyunlarda daha fərqli "Sabah" görə bilərik?
- Fanatlara deyirik ki, "Sabah" hər zaman daha yaxşı oynamağa çalışır. Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik. Azarkeşlərə ehtiyacımız var. Xüsusi vəd verə bilmərəm. Bu gün çox mükəmməl oynadıq. Hazırlığımız davam edəcək. Qəbələyə çətin səfərimiz var. Sonra "Borussiya" ilə oyundan danışa bilərik. Azarkeşlərə bu gün üçün təşəkkür edirəm.
- "Slaviya"nın bir futbolçusu "Sabah"ı sərfəli rəqib adlandırmışdı. Bu amil oyunçularımız üçün əlavə motivasiya oldu?
- Bu barədə futbolçularla danışmadıq. Qeyd etdiyiniz məsələnin bizə təsir göstərdiyini deyə bilmərəm. "Sabah" Çempionlar Liqasında çıxış edən klubdur. Yüksək keyfiyyətli heyətimiz var. Potensialımız böyükdür. İnkişaf etməyə səy göstəririk.
- "Sabah" pley-offu hədəfləyir?
- Bu barədə istədiyinizi düşünə bilərsiniz. Bu dəqiqə sadəcə "Qəbələ" səfərini düşünürəm. Sonra yenidən böyük səhnəyə qayıdacağıq.
- "Slaviya" Bakı səfərinin çətin olacağını bildirmişdi. Sizcə, onlar uduzmaqlarını bununla əlaqələndirirlər?
- Bunu bilmirəm. Məğlubiyyətin səhvlərini onlar daha yaxşı bilər.
- Stiv Solvet və Adem Makkarti yaxşı təsir bağışladı. Solvetin əvəzlənməsi nə ilə bağlı idi?
- O, bir aydan çoxdur oynamır. Ciddi zədəsi var idi. "Sabah"ın tibbi heyətinə təşəkkür edirəm. Mükəmməl iş gördülər. Çünki Solvet aramıza erkən qayıtdı. Cəmi 2 məşqdə iştirak edib. Fiziki səviyyəsi 90 dəqiqə oynamağa yetmədi. Növbəti qarşılaşmalarda daha çox meydanda olacaq. Rəhman Daşdəmirovdan da bəhs etməliyəm. Bir sözlə, mükəmməl oyun baş tutdu.
- Rəqibin fiziki cəhətdən güclü olduğunu bildirdiniz. "Sabah" "Borussiya" ilə oyunda da fiziki cəhətdən geridə qala bilər?
- Oyunun qalibi kim oldu? Bəzən fiziki cəhətdən geridə qala bilərik. Lakin qalib bizik. Bütün məsələlər fiziki durumla bağlı deyil. Başa düşürəm, açıq-aydın fərq görünürdü. 2:0-dan sonra yenə qol vurmaq imkanımız oldu. Hər oyuna eyni hazırlaşırıq. Sualınızı indidən cavablandıra bilmərəm.