SON DƏQİQƏ
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışının Füzulidə keçirilən ilk günündə uşaq və yeniyetmələr üçün həvəskar kayak qayıqlarında avarçəkmə imkanı yaradılıb.
Sport1.az xəbər verir ki, Köndələn su anbarında təşkil olunan məşğələdə iştirakçılara əvvəlcə peşəkar məşqçilər tərəfindən kayak qayığından istifadə qaydaları, avarın düzgün tutulması və idarəetmə üsulları barədə ilkin təlim keçirilib. Təlim zamanı təhlükəsizlik qaydaları da izah olunub.
Daha sonra uşaqlar və yeniyetmələr məşqçilərin nəzarəti altında kayak qayıqlarına əyləşərək avarçəkmə bacarıqlarını praktik şəkildə sınayıblar. İştirakçılar üçün yaradılan bu imkan onların avarçəkmə idman növü ilə daha yaxından tanış olmalarına və su üzərində ilk təcrübələrini qazanmalarına şərait yaradıb.
Təşəbbüs yerli sakinlərin, xüsusilə uşaqlar və yeniyetmələrin su idman növlərinə marağının artırılması, onların asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb.