SON DƏQİQƏ
Avropa Şurasının Antidopinq Konvensiyasının Təhsil üzrə Məsləhətçi Qrupunun (T-DO ED) növbəti iclası Böyük Britaniyanın paytaxtı London şəhərində təşkil olunub.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
İclasda ölkəmizi AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
Böyük Britaniyanın Antidopinq Agentliyinin (UKAD) dəstəyi ilə təşkil olunan tədbir “Hazırıqmı? Əməkdaşlıq və bacarıqların paylaşılması: Boşluqların müəyyənləşdirilməsi və təşkilatlara dəstək” şüarı altında keçirilib. İclasa 35 ölkəni təmsil edən 74 mütəxəssis, həmçinin 12 müşahidəçi dövlətin və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Müzakirələrin əsas mövzularından biri antidopinq təhsili üzrə mütəxəssislərin hazırlanması və inkişafı olub. Bu istiqamətdə peşə standartları, metodoloji çərçivələr, keyfiyyət təminatı mexanizmləri və akkreditasiya məsələləri nəzərdən keçirilib. Eyni zamanda, antidopinq təlimçiləri üçün xüsusi kurs proqramları, metodik vəsaitlər və beynəlxalq təhsil platformaları kimi praktik təşəbbüslər təqdim olunub.
İclasın digər sessiyalarında qeyri-ixtiyari dopinq halları, qida əlavələri və digər məhsullar vasitəsilə baş verə bilən antidopinq kontaminasiya riskləri, idmanda təmiz davranışların təşviqi və elmi tədqiqatların praktik fəaliyyətə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Mütəxəssislər idmançıların maarifləndirilməsinin dopinq risklərinin qarşısının alınmasında əsas vasitələrdən biri olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Ümumdünya Antidopinq Agentliyi və Beynəlxalq Test Agentliyi tərəfindən antidopinq sahəsində son yeniliklər barədə təqdimatlar keçirilib. Müzakirələr zamanı WADA-nın beynəlxalq əməkdaşlıq mexanizmləri və 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri diqqət mərkəzində olub.
İclasın yekununda T-DO ED şəbəkəsi çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə fəaliyyət imkanları və antidopinq təhsilinin daha da inkişaf etdirilməsi üçün atılacaq növbəti addımlar müzakirə olunub. İştirakçılar antidopinq təhsilinin gücləndirilməsinin təmiz idman dəyərlərinin təşviqi və idmançıların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.