Azərbaycan yığması beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Tacikistan seçməsini üstələyib - 1:0.
Həmin qarşılaşmadan sonra millimizin hücumçusu Mahir Emrelinin
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyun haqqında düşüncələriniz maraqlıdır.
- Matç gözlədiyimizdən də ağır keçdi. İndiki dövrdə asan rəqib olmur. Onsuz da qarşılaşmanın rahat keçəcəyini düşünmürdük. İkinci hissə müəyyən epizodlarda səhvlərə yol verdik. Bu da istər-istəməz doğma meydanda oynamağımızdan, rəqibin dişimizə görə olmasından və azarkeşlərimizin önündə mütləq qələbə qazanmaq istəyimizdən irəli gəlirdi. Rəqibə təzyiq göstərmək istəyərkən bəzi anlarda yol verdiyimiz xətalar onların hücumları ilə nəticələndi. Bunlar sırf qələbə qazanmaq arzusundan qaynaqlanan məqamlar idi. Əlbəttə, çatışmazlıqların üzərində işləyəcəyik. Qarşıda bizi qısa müddət ərzində üç vacib oyun gözləyir. Ümid edirəm ki, bütün matçlarda qələbə qazanıb bu ab-havanı qoruyacaq və xalqımızı sevindirəcəyik.
- Millətlər Liqası çərçivəsində yığmamız vacib matçlara çıxacaq. Həmin qarşılaşmalardan maksimum nəticə ilə ayrılmaq mümkün olacaq?
- Geniş heyətimiz var. Qrupdakı rəqiblərə qarşı başabaş oynamağın mümkün olduğunu düşünürəm. Üstəlik, eyni təqvim rəqiblərimiz üçün də keçərlidir; məsələn, Litva sabah bizdən sonra meydana çıxır. Heyətdə bu cür sıx qrafikdə oynamağa öyrəşmiş futbolçular var. "Qarabağ" və "Sabah"ın üzvləri bu tempdə oynamağın nə qədər çətin olduğunu və qısa müddətdə necə bərpa olunmağı yaxşı bilirlər. İnanıram ki, sıx təqvim problem yaratmayacaq, çünki heyətimiz yetərincə genişdir.
- Tacikistana daha çox qol vura bilməməyimizin səbəbini nədə görürsən?
- Bu gün kifayət qədər qol şanslarımız oldu, lakin fərqlənə bilmədik. Bəzi epizodlarda zərbələrimiz qapıdan yan keçdi, bəzilərində qapıçı qurtarış etdi, bəzi zərbələrimiz isə rəqib tərəfindən bloklandı. Qazonun durumu da tam ideal səviyyədə deyildi, topu saxlayıb zərbə endirmək bir qədər çətinlik yaradırdı. Təbii ki, bunu bəhanə etmək istəmirəm. Yaxşı, kəsərli hücumlarımız oldu və qarşıdakı oyunlarda belə fürsətlərdən maksimum istifadə etməliyik.
- Tribunalar tam dolmamışdı, azarkeş sayı az idi. Bu amil oyuna necə təsir edir? Qarşıdakı vacib oyunlar ərəfəsində azarkeş dəstəyinin rolunu necə qiymətləndirirsən?
- Uşaqlıqdan milli komandamızın əksər oyunlarını stadiondan izləmişəm. Yadıma gəlmir ki, milli azarkeş dəstəyi olmadan nə vaxtsa böyük qələbə qazansın. Klublarımızda da bu, nadir hallarda baş verib. Çünki biz xalq olaraq emosionalıq və gücümüzü hər zaman birlikdən alırıq. Çox istərdik ki, qarşıdakı oyunlarda tribunalara gəlib bizə dəstək olsunlar. Çünki azarkeşlər stadionu dolduranda komanda qat-qat yaxşı futbol nümayiş etdirir.
- Hazırda Polşada yaxşı çıxış edən legionerlərimizdənsən. Orada uzunmüddətli qalmağı planlaşdırırsan, yoxsa hədəfin daha güclü liqalara getməkdir?
- Hazırda anı yaşamağa üstünlük verirəm. Polşada xoşbəxtəm; sağ olsunlar, klubda mənə böyük diqqət göstərirlər. Oyunlarda özümü yaxşı tərəfdən göstərməyim də məhz bunun nəticəsidir. Düzdür, turnir cədvəlində sonuncu pillədəyik, nəticələr ürəkaçan deyil. Lakin komandaya yeni baş məşqçi təyin olunub. Uduzmamalı olduğumuz bəzi oyunlar var idi. Bir hücumçu üçün qollar vurub komandaya tez uyğunlaşmaq çox vacibdir, çalışıram ki, bu tempi qoruyub saxlayım. İndi yeni məşqçinin oyun sisteminə alışmaq mərhələsindəyik. Biz millidə olsaq da, klub məşqlərini davam etdirir. Yeni baş məşqçi fərqli sistem deməkdir. Mən də qayıtdıqdan sonra tez bir zamanda onun tapşırıqlarını və tələblərini meydanda yerinə yetirməyə çalışacağam.