Azərbaycan yığması beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Tacikistan seçməsini məğlub edib - 1:0.
Həmin qarşılaşmadan sonra millimizin hücumçusu Vüsal İsgəndərlinin
Sport1.az saytına müsahibəsini təqdim edirik:
"İndi Millətlər Liqası başlayır. Bu turnirdən öncə yoldaşlıq oyununda qələbə qazanmaq önəmli idi. İnşallah, bunun davamını gətirmək istəyirik".
- Bu mövsüm "Malişeva" komandasında yaxşı təsir bağışlayırsınız. Eyni zamanda, "Partizani"də də yaxşı çıxış etmişdiniz. Hər iki komandadakı performansınızı necə dəyərləndirirsiniz?
- "Partizani"də 38 oyunun 38-də də oynamışdım. İlk "11-lik"də də meydana çıxmışdım. Heç bir oyunda əvəzetmədən meydana daxil olmamışdım, hamısında start heyətində idim. "Malişeva"da da eyni qaydada: getdiyim gündən təlim-məşq toplanışına bir qədər gec qoşulduğum üçün yalnız ilk oyunda ehtiyatda qaldım, amma qalan bütün matçlarda yenə ilk "11-lik"də oynayıram. Orada da ən çox qol vuran mən idim, indi də komandada ən çox qol vuran mənəm. Bəlkə də, kənardan deyirlər ki, Kosovo və Albaniya Balkan ölkələri olduğu üçün bir-birinə yaxındır. Məncə, futbolları tam fərqlidir. Albaniyada uğurlu olduğum kimi ("Eqnatiya" ilə də çempion olmuşdum), burada da yaxşı çıxış edərək həm şəxsi, həm də klub baxımından nailiyyətlər qazanmaq istəyirəm.
- Millətlər Liqasından gözləntiləriniz nələrdir?
- İstər futbolçular, istər rəhbərlik, istərsə də məşqçilər heyəti olaraq özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. İndi həqiqətən çətin səfərə yollanırıq, oradan ən azından xalla qayıtmaq istəyirik. Bütün azarkeşlərimizə də səslənirəm ki, gəlsinlər, dəstək olsunlar. Onların dəstəyi bizim üçün çox vacibdir.
- Millətlər Liqasının ilk oyununa qədər komanda çatışmazlıqları aradan qaldıra biləcəkmi?
- Bəhanələrin arxasına sığınmaq düzgün deyil. Çünki biz üç gündən bir oynayırıqsa, rəqiblər də eyni qrafiklə oynayır. Heyətimiz genişdir, baş məşqçimiz hamıya güvənir. Bu gün gördünüz ki, cavanlara da şans verildi və onlar da etimadı doğrultmağa çalışırlar. Bizim də borcumuz komanda yoldaşlarımıza və cavanlara dəstək olmaqdır. Millinin üzvləri olaraq bu yükün altından çıxmalı və ölkəmizi sevindirməliyik.
- Tacikistana daha çox qol vura bilərdiniz, real epizodlar var idi. Bunların dəyərləndirilməməsini nə ilə əlaqələndirirsiniz?
- Açığı, təkcə bu oyun yox, Malta və San Marino ilə görüşdə də çoxsaylı epizodlarımız olmuşdu. Elə mənim 2 qol epizodum var idi. Fürsətləri biz futbolçular dəyərləndirməliyik, bunu həddindən artıq çox istəyirik. Lakin bəzən alınmır. Əsas odur ki, qol vəziyyətlərinə daxil oluruq, bu da inam yaradır. Qələbə qazananda o qaçırılan epizodlar yada düşmür, amma uduzanda adamı incidir. İnanıram ki, gələcək oyunlarda bu vəziyyətlər qolla nəticələnəcək.
- Siz bu oyunlar ərəfəsində heyətə çağırılan ən sabit legionerlərdənsiniz. Klubunuzdakı ab-hava ilə millidəki əhvali-ruhiyyə fərqlidir? Bu durum meydanda anlaşılmazlığa səbəb olur?
- Düzgün vurğuladınız. Klubla milli arasında fərq böyükdür. Klubda həftələrlə məşq edib oyuna çıxırsan, millidə isə bu qədər müddət olmur. 2-3 gündən bir oyunlar keçirilir. Klubda qollar vurursansa, milliyə gələndə də gücünü ortaya qoymalısan. Hətta daha çox güc sərf etməlisən.
- Psixoloji baxımdan Tacikistan üzərində qazanılan qələbə komandanın Millətlər Liqası oyunlarına yaxşı köklənməsinə yardımçı olacaq?
- Məncə, bəli. Çünki bu qələbə bizə lazım idi. Bəlkə də, bəziləri sadəcə yoldaşlıq oyunu kimi baxa bilər. Milli formanı geyinirsənsə və Azərbaycanı təmsil edirsənsə, matçın statusunun fərqi yoxdur; istər yoldaşlıq, istərsə də rəsmi görüş olsun. Bu formanın qədrini bilməliyik. Bizi tribunalarda və televiziya qarşısında izləyən azarkeşlərimiz üçün əlimizdən gələni edib qalib gəlməliyik.