Bolqarıstanda boksçular arasında Avropa Çempionatı keçirilir.
Sport1.az xəbər verir ki, yarışın yeddinci günündə də Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.
Sübhan Mamedov (50 kq) yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gəlib.
Dünya çempionumuz 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Mamedovun həlledici döyüşdə rəqibi Bair Batlayev (Rusiya) olacaq. Qarşılaşma sentyabrın 24-də baş tutacaq.
Nəbi İsgəndərov (70 kq) da adını finala yazdırıb.
Boksçumuz Con MakKonnellidən (İrlandiya) üstün olub - 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28).
Dünya Kubokunun mükafatçısı qızıl medal döyüşündə Sergey Koldenkovla (Rusiya) gücünü yoxlayacaq.
Görüş sentyabrın 25-nə təsadüf edəcək.
Komanda yoldaşlarının uğurunu Səidcəmşid Cəfərov (75 kq) da davam etdirib.
Dünya Çempionatının mükafatçısı Kevin Skottu (İsveç) hər 3 raundda məğlub edib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
O, sentyabrın 24-də yarımfinalda Kalum Meykinlə (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə yarımfinalda Damar Tomasla (İngiltərə) qüvvəsini sınayıb.
Rəqib mərhələ adladığından boksçumuz bürünc medala yiyələnib.
Bu gün 2 boksçumuz yarımfinal, 1-i final qarşılaşmasına çıxacaq.