"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda "Şəfa"nı məğlub edib - 4:1.
Həmin qarşılaşmadan sonra paytaxt təmsilçisinin müdafiəçisi Rüfət Abbasovun
Sport1.az-a müsahibəsini təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz, təəssüratlarınız necədir?
- Evdə oynayırdıq. Qələbə qazanmaq istəyirdik, son oyun məğlub olmuşduq. Şükür Allaha, 3 xal bizim oldu. Bunun ardını gətirmək istəyirik.
- Zədə ilə bağlı vəziyyətin yerdədir?
- Sadəcə qaşım partlayıb. Rəqibin dirsəyi dəydi. Hazırda hər şey qaydasındadır.
- "Şəfa"ya qədər görüşdə çətinlik çəkdiniz. Arxayınlaşma debütantla üz-üzə gəldiyiniz üçün idi, yoxsa evdə oynadığınız üçün?
- Xeyr, arxayınlaşma yox idi. Sadəcə rəqib beşli müdafiə oynayırdı, biz də onu yarmağa çalışırdıq. Qol vurduq, sadəcə ikinci hissə başlayan kimi standart vəziyyətdən qol buraxdıq. Amma buna baxmayaraq, hücumlarımızı davam etdirdik. Şükür Allaha, qələbə qazandıq.
- Səncə, oyunun qırılma anı sizin vurduğunuz ikinci qol oldu?
- Belə deməzdim. Biz hücum edən tərəf idik, yəni daha çox qol vura bilərdik. Amma əsas odur qələbə qazandıq, yəni bizim üçün qələbə vacib idi.
- Qarşıda "İmişli" ilə oyununuz var. Bölgə təmsilçisi, xüsusilə, müdafiə xəttində inamlı təsir bağışlayır. Həmin matçdan gözləntiləriniz nələrdir?
- "İmişli" ilə görüşü səfərdə, süni ot örtüyündə keçirəcəyik. Çətin oyun olacaq. Buna baxmayaraq, qələbə qazanmaq niyyətindəyik. Azarkeşlər gəlib bizə dəstək olsunlar.
- Bu gün baş tutan matçda azarkeş az idi. Sizcə, bunun səbəbi nədir?
- Nə ilə bağlı olduğunu deyə bilmərəm. Onlar hər oyunda bizə əlavə motivasiya verirlər.
- Öz performansın barədə nə deyə bilərsən? Meydançada çox fəal idin. Özünüzü bu günün ən yaxşı oyunçusu hesab edirsiniz?
- Mən əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, komandam qələbə qazansın. Bu gün ən yaxşısı? Siz elə deyirsinizsə, deməli, ən yaxşı mənəm.
- Bəs, özün necə düşünürsən?
- Mən də elə düşünürəm.
- Vurduğun qol da çox gözəl alındı. Solaxay futbolçu qapıya sağla zərbə endirdi. Sizcə, ayın qolu seçilə bilər?
- Bəlkə də, seçilər. Məşqlərdə də bunu yoxlayırdım. Yaxşı alınmırdı. Oyunda isə mükəmməl alındı.
- Deyəsən, "Neftçi"nin heyətində Premyer Liqada ilk qolunuzu vurdunuz...
- Bəli. Bilirsiniz ki, bu klubun akademiyasında oynamışam, burada böyümüşəm. Bu qolu heç vaxt unutmayacağam.