Niderlandın idman mediasında "Qarabağ"a münasibət bir həftə ərzində xeyli dəyişib. İlk oyundan əvvəl Ağdam təmsilçisi "Tvente"nin qarşısında keçilməsi mümkün olan, lakin yüksək avrokubok təcrübəsi ilə seçilən rəqib kimi dəyərləndirilirdi. İndi isə mənzərə tamam başqadır. "Tvente" doğma meydanda 0:1 hesabı ilə uduzub və Niderland mediası Bakıya səfəri kifayət qədər ağır sınaq kimi təqdim edir.
Niderlandın nüfuzlu NOS kanalı ilk qarşılaşmadan sonra yazırdı ki,"Tvente"nin Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək şansı azalıb. Materialda Bakıda keçiriləcək cavab görüşü açıq şəkildə "çətin duel" kimi xarakterizə olunurdu. Bunun səbəbi yalnız hesab deyil. Niderland mediasının diqqətini çəkən əsas məqam "Qarabağ"ın oyun ərzində "Tvente"nin üstünlüyünü tədricən neytrallaşdırması və ikinci hissənin əvvəlində qələbə qolunu vurduqdan sonra müdafiədə kifayət qədər inamlı görünməsi idi.
Niderland mətbuatında ilk oyunun ardından "Tvente" tənqidlərə məruz qalıb. "Komandamız bir anlıq boşluğun əvəzini çıxa bilmədi və "Qarabağ"a qarşı lazımsız məğlubiyyət aldı" yanaşması buna nümunə ola bilər. "Tvente"nin avrokubok təcrübəsi olan rəqib qarşısında öz meydanında üstünlük qura bilməməsini ciddi problem kimi qiymətləndirir.
"Köhlən atlar"ın çoxsaylı Azərbaycan çempionluqları və qitənin birinci dərəcəli klub turnirindəki təcrübəsi də qabardılır. Qurban Qurbanovun 2008-ci ildən komandaya rəhbərlik etməsi də diqqətdən kənarda qalmır. Bu, Niderland mediasının "Qarabağ"a münasibətində vacib psixoloji xətt yaradır.
Çünki söhbət artıq Avropada təsadüfən bir neçə uğurlu oyun keçirmiş komandadan getmir. Qarşı tərəfdə uzun illərdir Qurban Qurbanovun rəhbərliyi altında formalaşmış, qitə futbolunun müxtəlif səviyyələrində kifayət qədər təcrübə toplamış kollektiv var.
Bu baxımdan Tventenin Bakıda qarşılaşacağı rəqib Niderlandda əvvəlkindən daha ciddi qəbul edilir.
Cavab görüşü ərəfəsində "Tvente"nin heyətindəki problemlər də göz önünə alınıb.
Sam Lammers, Kristian Hilnsson və Stav Lemkin zədə səbəbindən Bakıya səfər etməyib. Lammers və Hilnsson olmaması xüsusilə önəmlidir, çünki "Tvente" ilk oyunda hücum xəttində kifayət qədər məhsuldar görünməyib.
Beləliklə, ilk qarşılaşmada qol vura bilməyən komanda cavab görüşünə daha bir neçə itki ilə yollanır.
Bu vəziyyət "Qarabağ" üçün üstünlükdürmü? Niderland mətbuatının yanaşmasına əsasən, bəli. Ən azı "Tvente"nin vəziyyətini daha da mürəkkəbləşdirən amildir.
Niderland mətbuatının son günlərdəki yazılarından çıxan əsas nəticə isə kifayət qədər aydındır:
"Tvente" "Qarabağ"ı Bakıda məğlub etməyə məcburdur. Amma Niderlandda artıq heç kim bunun asan baş verəcəyini düşünmür.
Əksinə, ilk oyundan sonra "Qarabağ"a münasibət dəyişib. Azərbaycan klubu Niderlandda indi daha intizamlı və təhlükəli rəqib kimi qəbul edilir.
Sabah "Tvente"nin qarşısında duran əsas məsələ məhz budur: bir həftə əvvəl onları təəccübləndirən komandanın Bakıda da eyni ssenarini təkrarlamasına imkan verməmək.
Amma Niderland mediasının öz yazılarından görünən odur ki, bunun üçün "Tvente"nin əvvəlcə öz problemlərini həll etməsi lazımdır.