"Həqiqətən də inanılmaz hislərdir. İki qol vurub oyunu əlavə vaxta daşıyacağımıza da inanırdıq".
Sport1.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy Lens Mikels deyib.
Hücumçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel"lə (Beer-Şeva) cavab matçından sonra (5:2) fikirlərini bölüşüb:
"Baş məşqçimiz Valdas Dambrauskas ilk matçla müqayisədə heyətdə müsbət dəyişikliklər etmişdi. Rəqibə daha çox irəlidə təzyiq edirdik. "Hapoel" çox güclü komandadır, topu özlərində yaxşı saxlayırlar. Buna baxmayaraq, çox xoşbəxtik ki, mərhələni adlayan tərəf biz olduq".
32 yaşlı forvard ilk hissədə qaçırdığı əlverişli imkandan söz açıb:
"Kahim Parrisin zərbəsindən sonra dirəkdən qayıdan topa çata, digər epizodda da fərqlənə bilmədim. Amma elə mentalitetim var ki, heç vaxt təslim olmuram. Buna görə də oyunun sonlarında istədiyimiz qolları vura bildik".
Mikels qitənin birinci dərəcəli klub turnirində qarşılaşmaq istədiyi rəqiblərin adlarını da açıqlayıb:
"Bunlar İspaniyanın "Real" (Madrid) və "Barselona", həmçinin doğulub boya-başa çatdığım Almaniyanın "Bayern" və "Borussiya" (Dortmund) komandaları ola bilər. Həqiqətən də öz ölkəmin təmsilçiləri ilə qarşılaşmaq istərdim".
Xatırladaq ki, "bayquşlar" qitənin birinci dərəcəli klub turnirinin Liqa mərhələsində, İsrail təmsilçisi isə Avropa Liqasının əsas raundunda mübarizə aparacaq.