SON DƏQİQƏ
"Vanspor"un futbolçusu Ozan Can Kökçü "Anadolu" agentliyinə müsahibə verib.
Sport1.az xəbər verir ki, millimizin üzvü yeni komandasına uyğunlaşma prosesinin yaxşı keçdiyini bildirib:
"Vanspor" böyük bir camiədir. Komandaya yeni qoşulmuşam. Bir qədər çətin dönəmlərdən keçdik, amma Allaha şükür, hər şey yaxşılığa doğru gedir. Komanda ilə məşq edirik, hazırlıq prosesimiz də yaxşı keçdi".
Karyerasında Niderlandın "Volendam" klubunun da formasını geyinən və ötən mövsüm 31 oyunda 1 qol vuran Ozan Can Kökçü uşaqlıq illərində hazırda "Beşiktaş"da çıxış edən qardaşı Orkun Kökçü ilə birlikdə futbol oynadığını xatırlayıb:
"Qardaşımla çoxlu xatirələrimiz var, dost kimiyik. Uşaqlıqda küçələrdə çox futbol oynamışıq. Futbol akademiyalarında da birlikdə oynamaq imkanımız olub, amma peşəkar səviyyədə bu, baş tutmadı. Səviyyələrimiz fərqli olduğu üçün belə alındı. İnşallah, gələcəkdə bu da qismət olar".
Ozan Can qardaşının "Beşiktaş"dakı çıxışına da toxunub:
"Hər şey göz qabağındadır. Məncə, yaxşı performans göstərir. Ötən mövsüm bir qədər təzyiqə görə tənqid olundu. Amma statistikasına, oyununa və liderlik xüsusiyyətlərinə baxanda hər şey onsuz da açıq-aydındır".
Ozan Can "Vanspor"un yeni mövsümdə qarşılarına böyük hədəflər qoyduğunu bildirib:
"Məqsədimiz, əlbəttə ki, pley-offa mümkün qədər yaxşı vəziyyətdə qatılmaqdır. Əlimizdən gələnin 100 faizini edəcəyik. İnşallah, burada gözəl işlər görərik. Ən böyük hədəfim olduğum yerdə uğurlu olmaqdır. Gələcəyə çox baxan insan deyiləm. Mənim üçün əsas olan harada oluramsa olum, uğurlu olmaqdır".