
Asiya Futbol Konfederasiyasının baş katibi Vindsor Con İran millisinin DÇ-2026-dan çəkiləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sport1.az “Reuters”ə istinadən xəbər verir ki, qurum rəsmisi İran Futbol Federasiyasından bununla bağlı heç bir rəsmi müraciət almadıqlarını deyib.
Con bildirib ki, hazırda federasiyanın mövqeyi komandanın mundialda iştirak edəcəyinə işarə edir: “Hazırda çox gərgin bir dövrdür və hər kəs öz fikrini səsləndirir. Lakin turnirdə iştirak məsələsi ölkənin futbol federasiyasından asılıdır. Bu günə qədər onların mövqeyi komandanın dünya çempionatında oynayacağıdır. İran AFC-nin üzvüdür və biz onların turnirdə iştirak etməsini istəyirik. Ümid edirik ki, bütün məsələləri həll edib mundialda çıxış edə biləcəklər”.
Qeyd edək ki, İran millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb və G qrupunda yer alıb. Komandanın rəqibləri Belçika, Misir və Yeni Zelandiyadır.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.