
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika” ilə matç zamanı “Real”ın vingeri Vinisius Juniora qarşı səsləndirilən irqçi ifadələrə münasibət bildirib.
Sport1.az xəbər verir ki, CBS Sports-a danışan Karrager hadisənin ciddi araşdırılmasının vacibliyini vurğulayıb.
O, baş verənlərin futbolçuya qarşı ədalətsiz olduğunu qeyd edib və məsələnin bütün detalları ilə araşdırılacağına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, məsələ hərtərəfli araşdırılacaq. Çoxumuz baş verənlərin Viniyə qarşı ədalətsiz olduğunu düşünürük. Əgər araşdırma aparılarsa, “Benfika”, Mourinyo və klub ətrafında olan şəxslər üzr istəməli və bəzi addımlarının, xüsusilə Vinisius Junior və “Real” futbolçularının sözlərini şübhə altına alan paylaşımların yanlış olduğunu anlamalıdırlar”.
Qeyd edək ki, qarşılaşmanın ikinci hissəsində oyun müvəqqəti dayandırılıb. Buna səbəb Vinisiusun Portuqaliya klubunun hücumçusu Canluka Prestianni tərəfindən “meymun” adlandırıldığını iddia etməsi olub.