
I Liqanın 14-cü turu çərçivəsində "Səbail" doğma meydanda "Şəfa" ilə qolsuz heç-heçə etdi – 0:0.
Qarşılaşmadan sonra qonaq komandanın futbolçusu Nahid Əliyev Sport1.az-a matçla bağlı fikirlərini söylədi. O, oyunun gedişatını dəyərləndirərkən qələbəyə daha yaxın tərəfin özləri olduğunu bildirdi:
"Qələbə bizim idi. İlk dəqiqədən son dəqiqəyə kimi oyun nəzarətimiz altında keçdi. Son dəqiqələrdə baş verən penalti epizodu isə düşünürəm ki, düzgün qərar deyildi. Penalti verib sonra ləğv etmək... hətta Premyer Liqada belə hallar nadir görünür. Qələbə bizim haqqımız idi".
Nahid Əliyev hakim qərarına da münasibət bildirdi və epizodla bağlı narazılığını gizlətmədi:
"Əgər penalti deyilsə, ümumiyyətlə vermə. Sən penalti verirsən, sonra ləğv edirsən. Oyunda VAR sistemi də yoxdur. Kimin sözünə əsasən bu qərar dəyişdirildi? Əgər belə edəcəksənsə, əvvəlcədən penalti vermə".
“Baku Sportinq” ilə xal fərqinin 2-yə enməsinə də toxunan futbolçu çempionatın hələ uzun olduğunu vurğuladı:
"Çempionat uzundur. Qarşıdakı oyunlarda hər şey daha yaxşı olacaq. Biz yaxşı oynayırıq, sadəcə nəsə çatmır. İnanıram ki, hər şey yaxşı olacaq".
MƏHƏMMƏD HÜSEYNOV