
Bizon Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan” üzərində 1:0 hesablı qələbə qazanan “Kəpəz” növbəti mərhələyə adlayıb.
Sport1.az xəbər verir ki, matçın ardından keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunla bağlı fikirlərini səsləndirib:
"Həm biz, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım. Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik. Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil".