
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra ilk dəfə meydana çıxmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, 32 yaşlı futbolçu Liqa 1-in 13-cü turunda “Renn”ə qarşı matçda komandanın sərəncamında olacaq. Bu qarşılaşma Poqbanın 26 aylıq fasilədən sonra ilk rəsmi oyunu olacaq.
Ulduz yarımmüdafiəçi əvvəlcə sağ bud əzələsindəki dartınmadan, ardınca isə məşqdə aldığı topuq zədəsindən bərpa olunurdu. O, hələlik “Monako” formasında bir dəqiqə belə oynamayıb. Onun son matçı 2023-cü ilin sentyabrına — “Yuventus”un “Empoli” ilə oyununda meydanda olduğu 28 dəqiqəyə təsadüf edir.
Qeyd edək ki, Poqba 2025-ci ilin yayında dopinq səbəbli cəzası başa çatdıqdan sonra azad agent kimi “Monako”ya qoşulub.