SON DƏQİQƏ
Misli Premyer Liqasının III turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçından (1:0) sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub media nümayəndələrinin suallarını cavablandırıb.
Sport1.az xəbər veririk ki, ukraynalı mütəxəssis ilk növbədə məğlubiyyəti şərh edib:
“Bu gün uduzduq, futbolda belə hallar olur, lakin oyunda “Zirə”nin bizi tamamilə sıxışdırdığı bir məqam olmadı. Ruhdan düşməyə dəyməz, səhvləri təhlil edib irəli baxmaq lazımdır. Hələ 3-cü turdur, çempionatda hər şey öndədir”.
– Komandanın pis təsir bağışlamadığını dediniz, lakin “Neftçi” 90 dəqiqə ərzində real qol vəziyyəti yarada bilmədi. Qələbəyə iddialı klub epizodsuz qalmamalı idi…
– Tam yekun zərbələrimiz alınmasa da, rəqib qapısına təhlükəli yaxınlaşmalarımız oldu. Bəzi oyunçular tələsdikləri üçün epizodları keyfiyyətli tamamlaya bilmədilər. İnanıram ki, növbəti matçlarda daha real qol fürsətləri yaradacağıq.
– “Araz-Naxçıvan”la matçda 5 qol vurulmuşdusa, bu gün kəsərsizlik yaşandı. Səbəb nə idi?
– Hər matçın öz ssenarisi olur. Keçən dəfə fürsətlər çox idi deyə 5 qol vurduq, bu dəfə imkanlar məhdud oldu. Nəzərə alın ki, matçın 20 dəqiqədən çoxunu 10 nəfərlə oynadıq. Buna baxmayaraq dayanmadıq, hücuma keçməyə davam etdik. Oyuna yanaşmanı və futbolçuların sonadək mübarizə aparmasını bəyəndim. Birinci taymın uzatma dəqiqələrində buraxdığımız səhv olmasaydı, ikinci hissə tam fərqli axarda keçə bilərdi. İndi dincəlmək, sonra isə oyunu analiz etmək lazımdır.
– Birinci yarıda ehtiyatlı görünən “Neftçi” ikinci taymda daha aqressiv oynadı. “Zirə” niyə sizi bu qədər çəkinməyə məcbur etdi?
– Məsələyə bir az fərqli yanaşardım. Birinci hissədə vurulan qoldan başqa rəqibin nə epizodu var idi ki? Onlarda da kəsərli heç nə alınmırdı. Söhbət ondan gedir ki, biz ilk yarıda yetərincə pressinq etmədik. “Zirə” kimi komandaya top vermək olmaz. Həm biz, həm də onlar əsasən uzun ötürmələrə üstünlük verirdik, bu da heç bir tərəfə xüsusi üstünlük qazandırmadı. Sadəcə vurulan qol rəqibə əlavə motivasiya verdi. Bəzi futbolçularımızda oyun alınmadı. Kimin niyə zəif çıxış etdiyini isə öz daxili “mətbəximizdə” müzakirə edib həll edəcəyik.