UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı 5-ci qrupdakı komandaların adları müəyyənləşib.
Sport1.az xəbər verir ki, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" və D qrupunun lideri "Uypest" "qırmızı-ağlar"ın rəqibi olub.
Əslində, iyulun 8-də keçirilən püşk 5-ci qrupa E qrupunun qalibinə vəsiqə vermişdi. Ancaq həmin qrupda Ermənistan çempionu "Unisport" hamıdan güclü olub.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz.
Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.
5-ci qrupda "Piast" (Polşa), "Araz-Naxçıvan" (Azərbaycan), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypest" (Macarıstan) komandaları güclərini sınayacaqlar.
"Araz-Naxçıvan" bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır.