Federasiya rəsmisi: "Ən böyük cəzanı elə Hidayət Heydərov özünə verib"

Bölmə adı Cüdo
Yayımlandı 16-07-2026, 13:59

Bakıda keçiriləcək cüdo üzrə Dünya Çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransından sonra Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırıblar.

Sport1.az həmin müsahibəni təqdim edir:

Dünya çempionlarına verilən mükafatların məbləği artırılacaq?

- İki il əvvəl Nazirlər Kabinetinin qərarı ilə idmançılara verilən mükafatlarla bağlı qaydalar yenilənib və məbləğlər əhəmiyyətli dərəcədə artırılıb. Dövlətin idman siyasətini həyata keçirən qurum olaraq həmin normalara uyğun fəaliyyət göstəririk.
Dünya çempionatında iştirak edəcək idmançılar hansı meyarlar əsasında seçiləcək? Hidayət Heydərovun 81 kq-da çıxışı da müzakirə olunur...
- Azərbaycanda dünya çempionatının keçirilməsi böyük bayramdır. Hazırda demək olar ki, hər çəkidə bir neçə güclü idmançımız var. Hələlik yekun heyətlə bağlı açıqlama verməyəcəyəm. Hidayət Heydərov 81 kq-da özünü sınadı və bunun öhdəsindən gəldiyini göstərdi. Lakin dünya çempionatında 73 kq çəki dərəcəsində mübarizə aparacaq. Elcan isə hazırda Yaponiyada təlim-məşq toplanışındadır.

Dünya çempionatındakı nəticələr məşqçilər korpusunun gələcəyinə təsir göstərə bilərmi?

- Federasiya olaraq tez-tez məşqçi dəyişməyin tərəfdarı deyilik. Məşqçilər korpusumuz dünyanın ən güclüləri sırasındadır. Təbii ki, nəticələr təhlil olunacaq. Əsas məqsədimiz inkişaf dinamikasını qorumaqdır. Əgər dünənkindən daha yaxşı vəziyyətdəyiksə və bir çəki dərəcəsində 2-3 idmançı arasında sağlam rəqabət formalaşıbsa, bu artıq inkişaf deməkdir. Hazırda bütün yaş qruplarında bunu müşahidə edirik. Məşqçilərimizin fəaliyyətindən razıyıq və bu nəticələrin komanda işi hesabına əldə olunduğunu düşünürük.

Qarşıdakı dünya çempionatında neçə medal uğurlu nəticə hesab olunacaq?

- Cüdoda əvvəlcədən proqnoz vermək çətindir. Əminik ki, bütün idmançılarımız son saniyəyədək ölkəmizin bayrağı uğrunda mübarizə aparacaq. İnanıram ki, uğurlu nəticələr əldə edəcəyik.

Dünya çempionatında sürpriz qızıl medal gözlədiyiniz idmançı varmı?

- Biz heç bir idmançımıza sürpriz kimi baxmırıq. Hər biri medal uğrunda mübarizə aparacaq gücdədir. Bu, qadınlardan ibarət komandamıza da aiddir. Əsas istəyimiz odur ki, hər bir idmançı maksimum əzmkarlıq nümayiş etdirsin.

İdmançıların üzərində psixoloji təzyiq nə səviyyədədir?

- Psixoloji hazırlıq çox vacib amildir. Media nümayəndələrindən də xahişimiz odur ki, idmançılarımıza dəstək olsunlar. Onlar yazılanları oxuyurlar. Bütün çəki dərəcələrində çıxış edəcək cüdoçularımızın psixoloji durumunun yüksək səviyyədə olması bizim üçün çox önəmlidir.

Beynəlxalq sponsorların cəlb olunması istiqamətində hansı işlər görülür?

- Təəssüf ki, Azərbaycanda idman biznesi hələ istədiyimiz səviyyədə inkişaf etməyib. Bununla bağlı iş aparırıq. Hazırda federasiyanın sponsoru var, eyni zamanda yeni tərəfdaşların cəlb edilməsi istiqamətində danışıqlar davam edir.

Federasiyanın PR strategiyası necə aparılır?

- İki əsas hədəfimiz var: yüksək idman nəticələri və cüdonun daha da kütləviləşdirilməsi. Dünya çempionatı zamanı hər gün mətbuat konfransları keçiriləcək. Yarışdan sonra imkan yaranacağı təqdirdə çempionlarla görüşlər və imza günləri təşkil etməyi planlaşdırırıq. Bununla yanaşı, karyerasını başa vurmuş tanınmış cüdoçuların təbliğat işlərinə cəlb olunması da nəzərdən keçirilir.

Ermənistan idmançılarının Bakıda keçiriləcək dünya çempionatında iştirakı ilə bağlı vəziyyət necədir?

- Bu məsələ reytinqdən asılıdır. Hazırda onların yüksək reytinqli idmançılarının sayı çox deyil. Azərbaycan dövləti tərəfindən iştirakla bağlı heç bir problem yoxdur. Gəlib-gəlməmək isə onların öz qərarıdır. Azərbaycan əvvəllər də beynəlxalq yarışlarda bütün iştirakçılara ən yüksək səviyyədə münasibət göstərib.

Hidayət Heydərovun sosial şəbəkədəki paylaşımı ilə bağlı federasiya tərəfindən hansısa tədbir görülüb?

- Federasiyada qaydalar bütün idmançılar üçün eynidir. Hər bir intizam pozuntusunun öz cəzası var. Bəli, Hidayət Heydərova intizam cəzası tətbiq olunub. Lakin cəzanın mahiyyəti barədə məlumat verməyəcəyik. Hidayətin ən böyük cəzanı özünə verdiyini düşünürəm. Onun potensialına heç bir şübhəmiz yoxdur. Məşqlərdə hər zaman intizamlı davranır. Əsas problemi çəki salmaq prosesidir və bunun üzərində dietoloqlarla birlikdə işləyirik. Onun "Bezdirmisiniz" başlıqlı paylaşımı media nümayəndələrinə ünvanlanmamışdı. Bununla bağlı özümüz də onunla söhbət etmişik. Hidayət emosional idmançıdır. Ümid edirik ki, gələcəkdə bu kimi hallarda daha peşəkar davranacaq.

Hakimliklə bağlı narahatlığınız varmı?

- Bizim yanaşmamız sadədir. Elə hazırlaşmalıyıq ki, hakim qərarları nəticəyə təsir göstərə bilməsin.
Gələcək illər üçün medal gözlədiyiniz gənc cüdoçular varmı?

- Gənclər və İdman Nazirliyi ilə birlikdə ehtiyat qüvvənin hazırlanması istiqamətində sistemli iş aparırıq. Artıq 2032 və 2036-cı illər üçün perspektivli idmançılar müəyyənləşdirilib. Hazırda ad çəkmək istəmirəm. Onların texniki, taktiki və psixoloji hazırlığı mərhələli şəkildə həyata keçirilir. Ehtiyat qüvvəmiz kifayət qədər güclüdür.

Qadın cüdoçuların perspektivini necə qiymətləndirirsiniz?

- Qadın cüdosunda müəyyən çətinliklər var və bu, təkcə cüdoya aid deyil. Burada əsas amil zamandır. Bəzi idmançılar nəticəni daha gec verir. Ağır çəkili idmançılar, adətən, 25-26 yaşlarında tam potensiallarını ortaya qoyurlar. Ən böyük səhvlərdən biri idmançıdan dərhal nəticə gözləməkdir. Zelim Kotsoyevin inkişaf yolu buna ən yaxşı nümunədir. Bu gün o, dünyanın ən güclü cüdoçularından biridir. Xaricdən idmançı cəlb etməyimizin məqsədi də daxili rəqabəti artırmaqdır. Qadınlardan ibarət komandamızda da gələcəkdə Olimpiya lisenziyası qazanmaq potensialına malik idmançılar var.

RÖVŞƏN ƏLİSOY

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR