Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq, bilet satışı, iştirakçı ölkələr və Azərbaycan millisinin hədəfləri barədə ətraflı məlumat verib.
Rəşad Rəsullu öncə Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək bildirib ki, dünya çempionatının 8 ildən sonra yenidən Azərbaycanda keçirilməsi ölkə idmanı üçün mühüm hadisədir:
"Azərbaycanda səkkiz ildən sonra dünya çempionatının keçirilməsi əlamətdar hadisədir. Bakı artıq dünya idman paytaxtlarından biri kimi tanınır. Cüdo üzrə dünya çempionatının burada təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edərək onlara dəstəyə görə təşəkkürümü bildirirəm. İnanırıq ki, üzərimizə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirəcəyik və bu dünya çempionatı ən uğurlu yarışlardan biri olacaq."
O, media nümayəndələrinin yarışın təbliğində mühüm rol oynayacağını vurğulayıb:
"Cüdosevərlərin arenaya gəlməsi bizim üçün çox önəmlidir. Ümid edirik ki, bu istiqamətdə medianın dəstəyini görəcəyik."
Federasiya rəsmisi bilet satışına da toxunub:
"Bu günə qədər 670 bilet satılıb. Satılan biletlərin 80 faizi xarici ölkələrdən alınıb. Bu isə yarışa beynəlxalq marağın yüksək olduğunu göstərir. Turnirin ölkə iqtisadiyyatına da müəyyən töhfə verəcəyinə inanırıq. Bilet satışının artırılması istiqamətində federasiya tərəfindən işlər davam etdirilir."
Onun sözlərinə görə, yarışın rəsmi əsasnaməsi iyulun 3-də dərc olunub və media akkreditasiyası ilə bağlı bütün prosedurlar da həmin sənəddə öz əksini tapıb:
"Media akkreditasiyası ilə bağlı xüsusi bənd mövcuddur. Bu məsələdə jurnalistlərə hər cür dəstək göstərməyə hazırıq."
R.Rəsullu bildirib ki, dünya çempionatında 100-ə yaxın ölkənin iştirakı gözlənilir:
"Ölkələrin sayının məhdud olmasının səbəbi Beynəlxalq Cüdo Federasiyasının reytinq sistemidir. Qaydalara əsasən, əsasən reytinqdə ilk 100-lükdə yer alan idmançılar iştirak hüququ qazanırlar. Bu yanaşma yarışın idman keyfiyyətini daha da artırmağa xidmət edir. Təxminən 600-dən çox cüdoçunun mübarizə aparacağı gözlənilir."
O əlavə edib ki, təşkilatçı ölkə kimi Azərbaycan müəyyən üstünlüklərə malikdir:
"Reytinq məhdudiyyəti təşkilatçı ölkəyə tam şəkildə şamil edilmir. Həm kişilər, həm də qadınlar arasında hər çəkidə maksimum doqquz idmançı ilə təmsil oluna bilərik. Bundan əlavə, əlavə iştirakçı üçün müraciət etmək hüququmuz da var. Bununla bağlı yekun qərar sentyabrın ikinci yarısında məlum olacaq."
Rəsullu dünya çempionatında ən güclü cüdoçuların iştirak edəcəyini bildirib:
"Yaponiya və Fransa artıq heyətlərini açıqlayıb. Dünya çempionatı ən güclü və tanınmış cüdoçuların iştirakı ilə keçiriləcək."
Federasiya rəsmisi Azərbaycan millisinin əsas hədəfinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları olduğunu da vurğulayıb:
"Bununla yanaşı, ölkəmizdə keçiriləcək dünya çempionatı da bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ev sahibi olmaq məsuliyyəti daha da artırır və biz bunun fərqindəyik. Hazırlıq plan üzrə davam edir, çoxsaylı təlim-məşq toplanışları təşkil olunub."
Onun sözlərinə görə, kişilərdən ibarət Azərbaycan millisi son nəticələrə əsasən Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb və ümumi komanda reytinqində ilk beşlikdə yer alır. R.Rəsullu hazırda milli komandanın hazırlıq prosesi barədə də məlumat verib:
"Komandamız hazırda Şahdağda təlim-məşq toplanışındadır. Zədəli idmançılar isə Yaponiyada bərpa prosesi keçirlər və ayın sonunda Bakıya qayıdacaqlar. Daha sonra Qazaxıstanda keçiriləcək növbəti təlim-məşq toplanışına qatılacaqlar. Budapeşt Böyük Dəbilqə turnirindən sonra dünya çempionatında çıxış edəcək yekun heyət müəyyənləşəcək. Sentyabr ayında isə Finlandiya, Türkiyə və digər ölkələrin iştirakı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır."
Sonda federasiya rəsmisi heyətin formalaşdırılması meyarlarından da danışıb:
"İdmançıların seçimi tam şəffaf meyarlar əsasında aparılır. Hər kəs bilir ki, heyətə düşmək üçün son ana qədər mübarizə aparmalıdır. Bizdə 'heyətə düşdüm və rahatlaşdım' anlayışı yoxdur. Məşqlərdə özünü ən yaxşı tərəfdən göstərən idmançılar dünya çempionatında iştirak etmək hüququ qazanacaqlar."
RÖVŞƏN ƏLİSOY