
İsveçin “Malmö” klubunda çıxış edən hücumçu Salifu Suma “Qarabağ”ın maraq dairəsinə düşüb.
Sport1.az İsveç mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu istəyi ilə bağlı artıq 22 yaşlı futbolçuya və onun klubuna məlumat verib.
Azərbaycan çempionu qvineyalı forvardı ilkin mərhələdə bir illik icarə əsasında heyətinə qatmaq niyyətindədir. Futbolçu gözləntiləri doğruldacağı halda isə transferin tam şəkildə reallaşdırılması planlaşdırılır.
Lakin İsveç klubu bu təklifə isti yanaşmır. Hazırda Polşanın “Radomyak” komandasında icarədə olan Sumanı “Malmö” birdəfəlik satmağa üstünlük verir və bunun üçün vaxtilə “Zirə”yə ödədiyi 1,3 milyon avro məbləğini tələb edir. “Qarabağ” isə oyunçunun son mövsümdəki çıxışını nəzərə alaraq bu qiyməti yüksək hesab edir.
Qeyd olunur ki, Sumanın başqa ölkədə karyerasını davam etdirməsi də mümkündür. Çünki ona maraq göstərən digər klublar da var, amma onların da əksəriyyəti futbolçunu icarəyə götürmək variantına üstünlük verir.
Xatırladaq ki, Salifu Sumanın “Malmö” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.