SON DƏQİQƏ
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son oyunlara final kimi yanaşır və yüksək motivasiya ilə çıxış edir. Bunu əvvəlki matçda da görmüşdük, bu gün də eyni mənzərəni izlədik. Oyuna nəzarət edən tərəf biz idik, üstün oynayırdıq, lakin bunu qola çevirə bilmədik. Təəssüf ki, belə məqamlar mövsüm ərzində dəfələrlə təkrarlanıb və nəticədə xal itirmişik. Ola bilsin, bəzi epizodlarda ustalıq çatmadı. Futbolçular üzərlərində daha çox işləməlidirlər. Bununla belə, isti havaya baxmayaraq, 90 dəqiqə mübarizə aparmaq, sona qədər oyundan qopmamaq və hücumları davam etdirmək müsbət məqamdır. İstərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək, amma alınmadı. İndi diqqətimizi növbəti oyunlara yönəldəcəyik”.
Sport1.az xəbər verir ki, bu fikirləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunda “Karvan-Yevlax”la keçirilən görüşdən sonra mətbuat konfransında səsləndirib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissə nisbətən aşağı tempdə keçdi, ikinci hissədə isə daha fəal idiniz. Bu dəyişiklik sizin tapşırığınız idi?
- Hava şəraiti oyunun tempinə təsir göstərirdi. Rəqib də tempin artmasında maraqlı deyildi. Bu, başadüşüləndir. Fasilədən sonra heyətdə dəyişiklik etdik, daha çox hücum yönümlü futbolçulara üstünlük verdik. Bununla belə, istədiyimiz nəticəni ala bilmədik. Halbuki, ilk hissədə də üç real qol imkanımız olmuşdu. Futbolda belə hallar olur.
- Sanki komandada motivasiya çatışmazlığı hiss olunurdu. Bu, artıq əsas məqsədə çatmağın təsiri ola bilər?
- Düşünmürəm ki, motivasiya ilə bağlı problem var idi. Əks halda komanda son dəqiqələrə qədər bu qədər mübarizə aparmazdı. Futbolçular əlindən gələni etdilər. Sadəcə, müəyyən epizodlarda çatışmazlıqlar oldu. Xüsusilə gənc oyunçuların belə məqamları var idi. Onlar məşqlərdə özlərini yaxşı göstərirlər. Mövsümün bu mərhələsində oyunlar daha sərbəst keçir. Rəqib isə daha aqressiv və istəkli görünə bilərdi.
- Əvvəlki açıqlamalarınızda komandadan ayrılacağınızla bağlı mesaj vermişdiniz. Bu amil komandanın çıxışına təsir göstərə bilərmi?
- Məncə, əksinə, futbolçular üçün bu, əlavə məsuliyyət olmalıdır. Mövsümün sonudur, müqaviləsi bitmək üzrə olan oyunçular var və hər biri özünü göstərmək istəyir. Bu səbəbdən belə açıqlamanın mənfi təsir etdiyini düşünmürəm. Sadəcə, məğlubiyyət olanda bu cür sualların yaranması təbiidir.”