"Sabah"ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra fikirlərini bölüşüb.
Sport1.az "Foot Truck"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Hapoel" (Beer-Şeva, İsrail) üzərindəki qələbədən sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbini izah edib:
"Bunu təsvir etmək çətindir. Həmin an nə hiss etdiyimi bilmirəm. Bu, arzunun gerçəkləşməsi idi, amma eyni zamanda bir il əvvəl baş verənlərə də cavab idi. "Sabah"a keçidimdən demək olar ki, düz bir il ötüb. İnternetdə haqqımda xoşagəlməz fikirlər görürdüm. Yazırdılar ki, artıq peşəkar futbolçu deyiləm, məni ciddi qəbul etmək olmaz.
Bütün bunlar - arzunun gerçəkləşməsi və yaşananlar - emosiyaların üzə çıxmasına səbəb oldu. “Orhus”la oyundan sonra Çempionlar Liqasında oynaya biləcəyimi düşünəndə də bir neçə damla göz yaşı axıtmışdım. Mən həssas biriyəm.
Karyeramın bu mərhələsində futbolda həmişə mənə təsir edən emosiyaları idarə etməyi bacarıram. Daha ağıllı oynadığımı, başqa oyun üslubu göstərdiyimi düşünürəm. Amma orqanizmi aldatmaq olmur. Artıq paltardəyişmə otağında ürəyimin necə döyündüyünü hiss edirdim. Orqanizm qeyri-adi bir şeyin baş verdiyini anlayırdı. Hesab 4:2 olanda ağlamağa başladım. 5:2-dən sonra isə özümü saxlaya bilmirdim".
Xatırladaq ki, Puxaç qitənin birinci dərəcəli klub turnirinin təsnifat mərhələsində ən çox qol ötürməsi (5 dəfə) edən futbolçu olub.