
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ və ya Braziliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur X sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçu ilə “İnter Mayami” və “San-Paulu” klubları maraqlanır. Kazemironun peşəkar karyerasına başladığı “San-Paulu” ona iki illik müqavilə, eləcə də futbolçu karyerasını başa vurduqdan sonra klub strukturunda vəzifə təklif etməyə hazırdır.
“İnter Mayami”nin də transfer yarışında olduğu qeyd olunur. Məlumata görə, təcrübəli yarımmüdafiəçi artıq Floridaya səfər edib və Lionel Messinin komanda yoldaşı ola bilər.
Kazemironun “Mançester Yunayted”lə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır. İngiltərə klubu yanvar ayında sözləşmənin uzadılmayacağını təsdiqləyib.
Qeyd edək ki, cari mövsümdə 25 oyunda forma geyinən futbolçu 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.