
Azərbaycan derbilərinin keçirildiyi stadionlarla bağlı maraqlı statistika açıqlanıb.
Sport1.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, ölkə futbolunun ən çox diqqət çəkən qarşılaşmalarından olan “Qarabağ” – “Neftçi” oyunları indiyədək 14 fərqli arenada keçirilib.
İlk derbi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Elə həmin arena da ən çox – 30 dəfə bu mötəbər duellərə ev sahibliyi edib. Bununla yanaşı, Tofiq Bəhramov adına Respublika Stadionu, 8-ci km (müxtəlif adlar altında) stadionu və “Liv Bona Dea Arena” hər iki komandanın ev sahibi kimi çıxış etdiyi arenalar olub.
“Neftçi” “Qarabağ”ı 4 fərqli stadionda qəbul edib və paytaxt təmsilçisinin ev oyunlarının böyük hissəsi — 23 qarşılaşma 8-ci km stadionunda baş tutub. Ağdam klubu isə rəqibini 12 arenada sınağa çəkib, onların içində Suraxanıdakı stadion (yenidənqurmadan əvvəl və sonra) 18 dəfə bu görüşlərə ev sahibliyi edib.
Derbilər ümumilikdə 5 şəhərdə keçirilib. Neytral meydanda oynanılan iki görüşdən biri Tofiq Bəhramov adına Respublika Stadionunda, digəri isə ADBTİA stadionunda baş tutub.
2010/11 mövsümündə “Neftçi” iki, “Qarabağ” isə bir ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. 2014/15 mövsümündə hər iki komanda rəqibini bir dəfə 8-ci km stadionunda qəbul edib. 2020/21 mövsümündə isə 4 derbinin hər biri fərqli arenalarda oynanılıb.