
Yeniyetmə oğlanlardan ibarət milli komandanın yeni üzvləri üçün maarifləndirici seminar keçirib.
Sport1.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, seminar sağlam qidalanma və performans mövzusuna həsr olunub. Tədbir federasiyanın tədris proqramı çərçivəsində təşkil olunub və gənc cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna diqqət çəkilib.
Seminarda yeniyetmə yaş dövründə qidalanmanın əhəmiyyəti, enerji səviyyəsinə, diqqət və bərpa proseslərinə təsiri, karbohidratlardan düzgün istifadə, eləcə də hidratasiya və bərpa pəncərəsinin önəmi praktik nümunələrlə izah edilib. Beynəlxalq turnir təcrübələrindən misallar gətirilərək, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.
Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlər yeniyetmə idmançıların sağlam inkişafı və uzunmüddətli idman karyerasının qurulması baxımından mühüm əhəmiyyət daşıyır.