"Neftçi" transfer pəncərəsinin bağlanmasına baxmayaraq heyətini gücləndirməkdə davam edir.
Sport1.az-ın əldə etdiyi məlumata görə, klub azad agent statusunda olan dayaq yarımmüdafiəçisi Matye İfeanyi ilə razılıq əldə edib. 28 yaşlı nigeriyalı futbolçu artıq Bakıya gəlib. O, bu gün tibbi müayinədən keçəcək. Müayinədən uğurla keçəcəyi təqdirdə "ağ-qaralar"la rəsmi müqavilə imzalanacaq. Karyerası ərzində Nigeriyanın "Kanemi Warriors" və "Kano Pillars", Norveçin "Lilleström", Türkiyənin "Osmanlıspor" və İsveçrənin "Sürix" klublarında çıxış etmiş İfeanyi son olaraq "Sürix"in formasını geyinib və yayda komandadan ayrılıb. Hazırda azad agentdir. O, Nigeriyanın U-20 yığmasında da çıxış edib. Təcrübəli yarımmüdafiəçi indiyədək 334 oyunda 39 qol vurub, 28 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 500 min avro olaraq göstərilir. Karyerasının ən yüksək dəyəri isə 1.5 milyon avro olub.
NİHAT KƏRİMLİ