"Araz-Naxçıvan" Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"ya uduzub - 1:2.
Həmin qarşılaşmadan sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Cavid Hüseynov
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyun haqqında təəssüratlarınız maraqlıdır. Hesabı bərabərləşdirməyi bacardınız, lakin sonra yenidən qapınızda qol gördünüz...
- Düşünürəm ki, qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi ədalətsiz idi. Həqiqətən də, birinci penalti çox sadə epizod idi. Düzdür, biz VAR-ın görüntülərinə baxdıq, orada aydın görünmürdü. Nə dərəcədə doğrudur, doğru deyil - yəqin ki, özləri qərar verərlər. Hesabı bərabərləşdirdikdən sonra önə keçmək üçün nəsə etməyə çalışdıq. Lakin fərdi səhvdən yenə də qapımızda ikinci qolu gördük. Bu, dəfələrlə başımıza gələn problemdir. Sırf fərdi səhvlər ucbatından qol buraxırıq.
- Sanki futbolçularınız ehtiyatsız oynayırlar...
- Bəli. Baş məşqçi tərəfindən burada edilə biləcək bir şey yoxdur. Futbolçu məsuliyyəti özü dərk etməlidir, rəqibi cərimə meydançasının içinə qədər gətirib çıxarmamalıdır. Qayda pozuntusu edirsənsə, bu, cərimə meydançasından kənarda olmalıdır. Başımıza gələn ancaq öz səhvlərimizdən buraxdığımız qollardır, məğlubiyyətlərimiz sırf buna görədir.
- Qarşıdakı milli fasilədən necə yararlanmağı planlaşdırırsınız?
- Maksimum yararlanmağa çalışacağıq. Çünki hələ də çatışmayan cəhətlərimiz çoxdur. Həddindən artıq boşluqlarımız var və onların üzərində işləməliyik. Komandanı bu duruma özümüz salmışıq, özümüz də çıxarmalıyıq. Sadəcə, futbolçular məsuliyyəti dərk etməyi bacarmalıdırlar.
- Komandanın düşdüyü bu durumdan çıxmaq potensialı var?
- Əlbəttə, var. Bəzi mövqeləri gücləndirməliyik. Çünki çatışmazlıqlarımız var. Rəhbərliklə danışacağıq.
- Milli fasilədə yoldaşlıq oyunları keçirməyi planlaşdırırsınız?
- Bəli. Sentyabrın 27-si "Neftçi" ilə, oktyabrın 2-də "İmişli" ilə qarşılaşacağıq.
- Klub rəhbərliyindən söz açdınız. Mətbuatda onların sizdən narazı olduğunuza dair xəbərlər yayılıb...
- Xeyr, elə bir şey yoxdur. Rəhbərlik sağ olsun, məşqlərimizdə də, oyunlarımızda da yanımızdadır. Biz də onları və azarkeşlərimizi sevindirmək istəyirik. Fərdi səhvlər qələbə qazanmağımıza əngəl olur.
- Qapı xətti üçün də transfer nəzərdə tutulur?
- Xeyr. Yəqin, yaxın günlər ictimaiyyətə transferlərlə bağlı məlumat verilər.
- Sizcə, hakimlər sizə qarşı qərəzlidir, yoxsa bilik və bacarıqları bu qədərdir?
- Mən ilk dəfədir ki, hakimdən narazılıq edirəm. Açığı, sadə epizodlara görə penalti verilməsinin tərəfdarı deyiləm. Oyunun ilk dəqiqələrində ucuz penaltiyə ehtiyac yox idi.
- Görüş başa çatdıqdan sonra Zaur Axundov paltardəyişmə otağına daxil oldu. Yəqin, iradlarını da bildirdi. Bu barədə nə deyə bilərsiniz?
- Rəhbərlik həmişə məğlub olan komandaya iradlarını bildirməlidir. Onlar da futbolçuların daha məsuliyyətli çıxış etməsini istəyir. Qələbə üzünə həsrət qalmışıq. Bu oyuna qalibiyyət üçün köklənmişdik. Bu, futboldur. Gözlənilməz hadisələr də baş verir. Rəqibin üzərimizdə hansısa üstünlüyü yox idi, hər dəfə özümüz özümüzə qol vururuq. Bundan çıxış yolunu tapmalıyıq.