"Oyun çox gərgin keçdi. Rəqibin bu heyətlə meydana çıxacağını gözləmirdik. Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar".
Bu sözləri
Sport1.az-a açıqlamasında "İmişli"nin futbolçusu Fərid Nəbiyev deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının 6-cı turunun "Sabah"la matçından sonra (1:3) fikirlərini bölüşdü:
"Layiqli mübarizə apardıq. Qol epizodlarımız da oldu. Müdafiədə oturmadıq. "Sabah" əlinə düşən kiçik fürsətlərdən maksimum yararlanan komandadır".
O, milli komandaların oyunları üçün yaranan fasiləni komandası üçün fürsət olaraq dəyərləndirdi:
"Yaxşı heyətə sahibik. Məşqçilər də, rəhbərlik də əlindən gələnin ən yaxşısını edir ki, komanda daha irəli getsin. Ardıcıl oyunlar oynadıq, həm də güclü rəqiblərə qarşı çıxış etdik. 15-20 günlük fasilədən sonra güc toplayıb, məşqçinin dediklərini qavrayıb, qarşıdakı oyunlarda daha rahat çıxış edəcəyimizi düşünürəm."