"Sabah" tarixində ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Sport1.az həmin qarşılaşmadan sonra "bayquşlar"ın yarımmüdafiəçisi Aleksey İsayevin odds.ru saytına verdiyi müsahibəni təqdim edir:
- Aleksey, bu cür tarixi nailiyyətdən sonra gecə rahat yata bildiniz?
- Həmin gecə cəmi 2-3 saat yatdım. Yəqin ki, səhər saat 8-də gözümü yumdum, hardasa 10:40-da artıq oyandım. Adrenalin həddindən artıq yüksək idi, ayaqlarımda ağrı vardı. Artıq 20 yaşında deyiləm, ona görə də yata bilmədim. Əslində arzum gerçəkləşdi, mən bu hədəfə doğru məqsədyönlü şəkildə irəliləyirdim. Bunun dadını dərhal hiss edə bilmirsən; düşünürəm ki, xəyalıma həqiqətən çatdığımı püşkatma zamanı anlayacağam. Hələ ki inana bilmirəm.
- Soyunub-geyinmə otağında nələr baş verirdi?
- Orada nələr olmadı ki (gülümsəyir). Fransızlar rusca, rusdillilər fransızca, sonra isə hamı birgə azərbaycanca mahnı ifa etdi. Bir sözlə, hər kəs fərqli dillərdə danışırdı, axı bizim böyük, beynəlmiləl komandamız var. Biz bütün dillərdə danışırıq.
- Oyunun gedişatı heç də "Sabah"ın istədiyi kimi deyildi. Vəziyyəti dəyişməyin, oyunu çevirməyin mümkün olduğuna inanırdınızmı?
- Mən komandaya çox inanırdım. Meydana çıxanda ağlımda "görəsən, alınar?" sualı yox idi. Sadəcə dedim ki, indi öz futbolumu oynayacağam, oyunu aparacağam və komanda yoldaşlarıma epizodlar yaratmaqda kömək edəcəyəm. Vəssalam! Niyəsə qol vuracağımıza tam əmin idim. İki qol ötürməsi verməyim belə o qədər önəmli deyil. Gördüm ki, məni matçın ən yaxşı oyunçusu seçiblər, yüksək qiymət veriblər, amma açığı, bu mənim üçün xüsusi əhəmiyyət kəsb etmir.
Əsas odur ki, mən komanda yoldaşlarımın necə mübarizə apardığını gördüm. Bu qədər zəhmət, bu qədər tər, qan...Onların üzündə təbəssüm, bəzilərinin gözündə isə hətta yaş gördüm. Bu, bizim uğurumuzun göstəricisi idi. Əslində klubun cəmi 9 yaşı var və tarixdə bu cür nəticənin qeydə alınıb-alınmadığını bilmirəm.
- Ən qeyri-adi təbriki kimdən aldınız?
- Murad Oleqoviç (Musayev) təbrik etdi. Onun məni təbrik etməsi hər zaman xoşdur. Musayev mənim inkişafıma çox böyük töhfə verib. Ömrümün sonuna qədər ona minnətdar olacağam. Krasnoyarskdan olan tanışlar, "Yenisey"in sabiq prezidenti Denis Anatolyeviç Rubtsov təbrik etdi. Dostlar, Moskvadakı tanışlar təbrik ünvanladılar. Bir sözlə, müxtəlif yerlərdən. Xoş sözlər eşitmək çox sevindirirdi.
- Rəhbərlik necə təbrik etdi? Bildiyim qədər, dünən istirahət günü idi?
- Bəli, dünən dincəldik, bu gün isə saat 19:00-da bazada toplaşırıq, püşkatmaya baxacağıq.
- Mərhələni keçdiyiniz üçün hansısa mükafatlar olacaq?
- Hələlik bu barədə müzakirələr aparılmayıb. Düşünürəm ki, hələ bu haqda danışmağa vaxt olmayıb. Amma güman edirəm ki, müzakirə edəcəyik.
- Qarşıda püşkatma var. Kimə qarşı oynamaq istərdiniz?
- Mənim istəyim ya "Kamp Nou"da, ya da "Santiaqo Bernabeu"da oynamaqdır. Böyük bir arzu artıq gerçəkləşib, geriyə yalnız Çempionlar Liqasında oynamaq qalır.
- Sizcə, "Sabah" Çempionlar Liqasında nəyə ümid edə bilər? Qarşınıza hansı hədəfi qoyursunuz?
- Dəqiq deyə bilərəm ki, məşqçilər heyətimiz öz ideyalarından geri çəkilməyəcək. Bizim çox güclü, taktiki cəhətdən çox savadlı, mehriban və bir-birini yaxşı anlayan məşqçilər korpusumuz var. Dəqiq bilirəm ki, biz öz futbolumuzu oynayacağıq. Heç kimə uyğunlaşmayacağıq. Aydındır ki, rəqibi təhlil edəcəyik, bu normal haldır, lakin onların diqtə etdiyi futbolu oynamayacağıq. Milyon faiz deyə bilərəm ki, öz oyun üslubumuzu qoruyub saxlayacağıq. Biz 36 komandanın arasındayıq. Özünüz bilirsiniz orada hansı klublar var.
- Karyeranda Azərbaycanda çıxış etməklə bağlı qərarı necə verdin? Bu bir avantüra idi, yoxsa planlaşdırılmış addım?
- Biz "Yenisey"lə Premyer Liqaya vəsiqə qazandıq və komandanın böyük hissəsini, faktiki olaraq, heyətdə saxlamadılar. Hesab edirəm ki, "Yenisey"in yetirməsi kimi komandanın Premyer Liqaya çıxmasında çox böyük payım var idi. Gənc bir oğlan üçün bu, ağır zərbə oldu. "Zenit"də qəbul etmədi. Nəticədə, əliboş qaldım.
Riad Rəfiyevə xüsusi təşəkkür etmək istəyirəm. O, məni tapıb Azərbaycana gətirdi. Rəfiyev "Sumqayıt"ın indiki prezidentidir. Mənə zəng etdi və əvvəlcə inanmadım, elə bildim azərbaycanlı dostlarım mənimlə zarafat edir. Zəng edib deyirlər: "Bakıya gələrsən?" Mən də deyirəm: "Nə Bakı? Uşaqlar, zarafat edirsiniz? Kimsiz? Düzünü deyin". O isə dəstəyin o başında gülüb deyir: "Mən Azərbaycan klubunun prezidentiyəm, səni narahat edirəm. Dostun deyiləm". Mən də cavab verdim: "Əgər doğru deyirsinizsə, sabah səhər mənə zəng edin". O, səhər saat 7-də mənə zəng etdi, Bakıya gəlməli olduğumu bildirdi.
Əlbəttə, hara getdiyimlə bağlı şübhələrim var idi. Başqa ölkəyə, başqa çempionata gedirsən. Gənc oğlansan, hələ bərkiməmisən, həyat təcrübən yoxdur. Lakin risk etdim, gəldim və risk özünü doğrultdu. Sadəcə anama dedim: "Ana, əşyalarımı toplayıb gedirəm". Mən ömrümün sonuna qədər Azərbaycana minnətdar olacağam. Hazırda futbolda sahib olduğum hər şeyi mənə bu ölkə verib. Bura mənim ikinci evimdir, övladlarım burada böyüyür. Aydındır ki, Sibir mənim birinci evimdir, mən sibirliyəm. Orada doğulub böyümüşəm, anam, bacım, hər kəs oradadır. Amma Bakı mənim üçün ikinci evdir.
- Vətəndə sizə ehtiyac duyulmaması, hər şeyi atıb karyera qurmaq üçün başqa ölkəyə getmək məcburiyyətində qalmağınız sizə pis təsir göstərmədi?
- Əlbəttə, üzülmüşdüm. Mənə qarşı düzgün davranıldığını düşünmürəm, amma bu artıq tarixdir. Düzünü desəm, artıq heç nəyə görə peşman deyiləm. Amma o vaxt, əlbəttə, sanki heç kimə lazım deyilmişəm kimi hislər var idi. Bu halda isə risk etdim və getdim.
Rusiyada demək olar ki, hamı Azərbaycan çempionatının zəif olduğunu düşünür. Amma mən düzünü deyəcəyəm, çünki artıq səkkiz ildir buradayam. Burada çox güclü komandalar var. İndi Kurban Berdıyev "Turan Tovuz"da işləyir, bu, özünəməxsus dəsti-xətti olan çox güclü komandadır. "Neftçi" Azərbaycan futbolunun əbədi flaqmanıdır. "Qarabağ" haqqında isə ümumiyyətlə susuram, heç nə demirəm. Hələ "Zirə" və başqa komandalar da var. Çempionat çox çətindir, həqiqətən də rəqabətə davamlıdır. Avropa arenasında Azərbaycan komandaları ilə rəqabət heç kimə asan olmayacaq. Mən buradakı futbolun səviyyəsinə xoş mənada təəccübləndim; topla oynamağı sevən çoxlu texnikalı oyunçular var. Legionerlər də bu səviyyəni artırır, yaxşı əcnəbilər gəlir.
- Demək olarmı ki, Azərbaycan Premyer Liqası səviyyəcə Rusiya Premyer Liqasına yaxınlaşır?
- Düşünürəm ki, "Qarabağ" və "Sabah" Rusiya Premyer Liqasında heç kimə uduzmaz.
- Karyeranızdakı mühüm hadisələrdən biri Azərbaycan pasportuna sahiblənməyiniz oldu. Siz Krasnoyarskdansınız və şübhəsiz ki, Rusiya millisində oynamağı gözləyir, ümid edir, arzulayırdınız. Bu qərarı vermək sizin üçün necə oldu?
- Əlbəttə, bu qərarı vermək mənə çox çətin oldu. Burada yalan danışmayacağam. Şübhələrim var idi: alım, ya almayım. Mən Rusiya millisində oynamaq xəyalı ilə yaşayan Krasnoyarskdan olan bir oğlan idim, lakin müxtəlif səbəblərdən bu baş tutmadı. Artıq təxminən ikinci toplanışda, məni çağırdıqları vaxt başa düşdüm ki, zaman çox sürətlə keçir və qərar qəbul etmək lazımdır. Əgər yaxşı futbolçusansa, pasport heç bir rol oynamır. Milli komandada Portuqaliyaya qarşı oyunda debüt etdim və bu günə qədər artıq 30-dan çox oyun keçirmişəm. Azərbaycan millisində çıxış etdiyimə, ikinci evimi təmsil etdiyimə görə qürur duyuram.
- Həmin debüt oyununda Kriştiano Ronaldoya qarşı oynadınız. Təəssüratlarınız necə idi?
- Onun əsl peşəkar, güclü atlet olduğu açıq-aydın görünür. O, həmişə ən yaxşısına can atır. Həmin oyunda qol vurmağa çalışdı, alınmadı, amma hər epizoddan maksimum nəticə çıxarmağa cəhd edirdi. Özünə çox ciddi fikir verir: kəskin, sürətli, güclü, dözümlü, hərəkətli və texnikalıdır. Onda hər şey var, bütün keyfiyyətlər yüksək səviyyədədir. Ronaldoda olan peşəkarlıq hər bir idmançı üçün örnəkdir.