SON DƏQİQƏ
Təbrizin “Traktor” klubu İran Futbol Federasiyasına qarşı beynəlxalq müstəvidə addım atıb.
Sport1.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi məsələ ilə bağlı FIFA-ya rəsmi müraciət ünvanlayıb. Klub rəhbərliyi şikayətin qurumun baş katibinə üç istiqamət üzrə göndərildiyini açıqlayıb.
Bildirilib ki, müraciətin ilk hissəsində fors-major hallarının nəzərə alınmaması, oyunların təhlükəsizliyinin təmin edilməməsi və intizam proseslərində ədalətsiz yanaşma iddiaları yer alıb.
İkinci bölmədə “Traktor”a və milli komandanın heyətində çıxış edən futbolçularına qarşı irqi və etnik ayrı-seçkilik hallarının davam etdiyi vurğulanıb. Eyni zamanda, müvafiq qurumların bu məsələlərə münasibətdə lazımi tədbir görmədiyi qeyd edilib.
Şikayətin üçüncü hissəsində isə qərəzsizlik prinsipinin pozulduğu və VAR sisteminin tam tətbiq edilmədiyi iddia olunub.
Klub məsələni yekun qərar çıxarılana qədər nəzarətdə saxlayacağını bəyan edib.