
Misli Premyer Liqasının 21-ci turunda keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” oyununda baş verən epizodla bağlı Yevlax təmsilçisi rəsmi bəyanat yayıb.
Sport1.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“Son oyunda baş vermiş epizodla bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, futbolçumuz qarşılaşma zamanı zədə almışdır. Eyni zamanda komandanın oyunçu dəyişikliyi limiti artıq dolduğu üçün o, səhhəti ilə bağlı riski artırmamaq məqsədilə meydanı tərk etmək məcburiyyətində qalmışdır.
Klub olaraq hər bir futbolçumuzun sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Bu hadisə tərəfimizdən heç bir halda özbaşına davranış kimi qiymətləndirilməmişdir. Qeyd etmək istəyirik ki, sözügedən futbolçumuz komandamızın ən intizamlı və peşəkar oyunçularından biridir. O, həm şəxsi keyfiyyətləri, həm də davranışı ilə kollektiv daxilində daim böyük rəğbət qazanmışdır.
Hörmətli media nümayəndələrindən xahiş edirik ki, məsələni fərqli istiqamətlərə yönəltmədən obyektiv şəkildə yanaşsınlar.
Klub olaraq komandamızın birliyinə və peşəkar prinsiplərinə sadiq qalmağa davam edəcəyik”.