
İtaliya A Seriyasının 23-cü turu çərçivəsində keçirilən “Kremoneze” – “İnter” matçında xoşagəlməz hadisə yaşanıb.
Sport1.az xəbər verir ki, görüş zamanı qonaq azarkeşlərdən birinin meydana atdığı pirotexniki vasitə ev sahibi komandanın qapıçısı Emil Auderonun yaxınlığında partlayıb. Güclü səsdən sarsılan qolkiper yerə yıxılıb və ona dərhal tibbi yardım göstərilib. İlkin müdaxilədən sonra Audero oyunu davam etdirə bilib.
Hadisəyə səbəb olan azarkeş isə ikinci pirotexniki vasitənin vaxtından əvvəl əlində partlaması nəticəsində bir neçə barmağını itirib. Xəstəxanadan buraxıldıqdan sonra onun barəsində dərhal həbs qərarı veriləcək.
Baş verənlərə etiraz əlaməti olaraq “İnter” futbolçuları matçdan sonra azarkeş sektoruna yaxınlaşmaqdan imtina ediblər.
Qeyd edək ki, qarşılaşma “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milan təmsilçisi 23 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir. “Kremoneze” isə 23 xalla 14-cü pillədə qərarlaşıb.