
“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo komandasının cari mövsüm A Seriyasındakı hədəfləri ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, fransalı futbolçu İtaliya çempionatında 15 turdan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşan kollektivin çempionluq yolunun asan olmadığını bildirib.
Rabyonun sözlərinə görə, mövcud heyətlə titul qazanmaq çətindir: “Hazırkı komandamızla çempion olmaq asan deyil. Çünki heyətdə böyük qələbələrə vərdiş etmiş futbolçular azdır. Xüsusilə də uzun və çətin marafon olan çempionat kontekstində bunu demək olar”.
Təcrübəli yarımmüdafiəçi əsas məqsədin ilk dördlükdə yer almaq olduğunu gizlətməyib, lakin şəxsi ambisiyalarının daha yüksək olduğunu vurğulayıb: “İlk dördlüyə düşmək əsas hədəfdir və bunu hamımız bilirik. Amma mən daha artığını istəyirəm. Əgər mövsümü 10 bal səviyyəsində keçirmək imkanı varsa, 6-7 balla kifayətlənmək olmaz”.
Rabyo çempionluq düşüncəsinin formalaşdırılmasının vacibliyinə də toxunub: “Mən komanda yoldaşlarıma deyirəm ki, çempion düşüncəsi ilə oynamalıyıq. Təcrübəli futbolçuların işi gənclərə qalib gəlməyin necə gözəl hiss olduğunu anlatmaqdır”.
Fransalı futbolçu maraqlı etiraf da edib: “Mənim döyməm yoxdur. Amma əgər skudetto qazansaq, bu barədə düşünə bilərəm. Bu, çox xüsusi bir döymə olardı”.