
Davide Ançelotti karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, gənc mütəxəssis “Piza” klubunun baş məşqçi postuna əsas namizədlərdən biridir. Bildirilir ki, Alberto Cilardinonun gedişi gündəmdədir və “Piza” bu vəzifə üçün gənc və fərqli yanaşmaya malik çalışdırıcı təyin etməyi planlaşdırır. Davide Ançelotti də əsas namizədlər sırasında yer alır.
Mənbənin yazdığına görə, klub rəhbərliyi yeni ideyalara açıqdır və perspektivli məşqçiyə etimad göstərməyə hazırdır. Bu baxımdan Ançelottinin adı siyahının ön sıralarında çəkilir.
Qeyd edək ki, 36 yaşlı italiyalı mütəxəssis daha əvvəl “Botafoqo”ya rəhbərlik edib. O, Braziliya klubunu çempionatda 6-cı yerə çıxarıb və komandanın Libertadores Kubokuna vəsiqə qazanmasına nail olub. Bundan başqa, Davide Ançelotti atasının məşqçilər heyətində PSJ, “Real”, “Bavariya”, “Napoli” və “Everton” klublarında çalışıb.
Hazırda “Piza”nın durumu isə ürəkaçan deyil. Komanda A Seriyasında 16 turdan sonra 11 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.