İtaliyanın tanınmış futbol mütəxəssislərindən biri, Covanni Qaleone 84 yaşında vəfat edib.Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis karyerası ərzində “Napoli”, “Udineze” və “Komo” kimi klublarda baş məşqçi olub. O, həmçinin gənc yaşlarında Can Pyero Qasperini və Massimiliano Alleqri kimi məşqçilərin inkişafında mühüm rol oynayıb.
Hər iki məşqçi Qaleone haqqında danışarkən onu “mentor” adlandırıb və karyeralarının başlanğıcında ondan çox şey öyrəndiklərini vurğulayıblar.
Qaleone futbolçu və məşqçi kimi bir çox istedadın – o cümlədən Cennaro Qattuzo və Marko Campaolonun kəşf edilməsində də pay sahibi olub.
Qeyd edək ki, onun karyerasındakı ən böyük uğur 1986/87 mövsümündə “Peskara” ilə Serie B titulunu qazanmaq olub. Həmin dövrdə Alleqri də həmin klubun heyətində çıxış edib.