“Neftçi” heyətini təcrübəli forvardla gücləndirmək niyyətindədir.
Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi Kamerun millisinin sabiq hücumçusu Vinsent Abubakarla maraqlanır. “Ağ-qaralar” 33 yaşlı hücumçuya rəsmi təklifini təqdim edib və hazırda onun yekun cavabı gözlənilir. Hazırda azad agent statusunda olan Abubakar son mövsümü Türkiyənin “Hatayspor” klubunda keçirib. O, Super Liqada 25 oyunda meydana çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kamerun millisinin heyətində 114 oyuna çıxan təcrübəli hücumçu 45 qola imza atıb. Karyerası ərzində “Beşiktaş”, “Portu”, “Loryan”, “Valensiyenn” və “Əl-Nəsr” kimi klublarda forma geyinən Abubakar xüsusilə “Beşiktaş”dakı çıxışı ilə tanınıb.
Qeyd edək ki, hücumçunun bazar dəyəri hazırda təxminən 1.2 milyon avro civarındadır.
NİHAT KƏRİMLİ