AFFA daha bir vebinar təşkil etdi

Bölmə adı Digər
Yayımlandı Dünən, 12:37

Futbol sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə AFFA tərəfindən təşkil edilən maarifləndirici vebinarlar davam edir.

Sport1az xəbər verir ki, vebinarlar seriyası çərçivəsində "Fiziki performansın testlər vasitəsilə müəyyən edilməsi" mövzusunda növbəti onlayn təlim keçirildi.

Onlayn təlimdə 40-a yaxın fiziki hazırlıq üzrə məşqçi, fiziki tərbiyə müəllimi və akademiya nümayəndəsi iştirak etdi.

AFFA-nın Futbolun İnkişafı Departamentinin fiziki hazırlıq üzrə eksperti Turcay Əhmədov tərəfindən keçirilən vebinarda fiziki performans testlərinin məqsədi, testlərin düzgün seçilməsi və tətbiqi, eləcə də nəticələrin məşq prosesində istifadəsi barədə məlumat verildi.

Seminar zamanı sürət, dözümlülük, partlayıcı güc, çeviklik, koordinasiya və antropometrik göstəricilərin qiymətləndirilməsi üçün istifadə olunan testlər təqdim edildi.

Müxtəlif yaş qruplarına uyğun testlərin seçilməsi, ölçmələrin vahid protokollar əsasında aparılması, nəticələrin etibarlılığı və doğruluğu mövzularına xüsusi diqqət yetirilib.

Bildirilib ki, testlər futbolçunun yaşına və fiziki inkişaf mərhələsinə uyğun seçilməli, əldə olunan nəticələr isə yalnız məlumatların toplanması üçün deyil, oyunçuların inkişafının izlənilməsi və məşq proqramlarının təkmilləşdirilməsi məqsədilə istifadə edilməlidir.

İnteraktiv formatda təşkil olunan vebinarda iştirakçılar müxtəlif praktik situasiyaları müzakirə edib, yaş qrupları üzrə uyğun testlərin seçilməsi ilə bağlı tapşırıqları yerinə yetirdilər.

Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR