SON DƏQİQƏ
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U18 Avropa Çempionatının B divizionunda növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, komandamız Xorvatiyanın Rijeka şəhərində İslandiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 95:56 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin aktivində 56 xal, 41 ribaund, 11 topalma və 3 blok qeydə alınıb.
Komandanın heyətində dörd basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb. Oğuzxan Quliyev 15 xal, iki məhsuldar ötürmə və iki topalma ilə yığmanın ən məhsuldar oyunçusu olub.
Emmanuel Aqbason 12 xal, 14 ribaund və üç topalma ilə dabl-dabl edib. İsmayıl Abdullayev 10 xal, dörd ribaund və üç topalma, Hüseyn Məmmədov isə 10 xal, yeddi ribaund və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan millisi növbəti oyununu 28 iyulda Portuqaliya yığmasına qarşı keçirəcək. Rijeka şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Xatırladaq ki, dünən komandamız Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib. Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri dönüş edərək 77:68 hesablı qələbəyə sevinib.
Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.