
Bu gün “Zaqatala” ilə keçirilmiş yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun fikirləri açıqlanıb.
Sport1.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən ukraynalı mütəxəssis qarşılaşma ilə bağlı bunları deyib:
“Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik.
Ümumi götürdükdə 13–14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük”.
Qeyd edək ki, yoxlama oyunu “Araz-Naxçıvan”ın “Zaqatala” üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.