
“Real”ın və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rafael Varan Madrid klubuna keçidindən sonra qarşılaşdığı psixoloji çətinliklər barədə danışıb.
Sport1.az Le Monde-a istinadən xəbər verir ki, fransalı futbolçu karyerasının ilk illərində depressiya yaşadığını etiraf edib.
Varan həmin dövrü belə xatırlayıb: “Real”a keçdikdən sonra ilk problemlər başladı. Cəmi 18 yaşım vardı və normal gənclik dövrüm olmadı. Tənhaydım, daim məşq edir, amma az oynayırdım. Elə bilirdim ki, arzum yavaş-yavaş sönür. Meydanda tam fokuslanırdım, amma evə qayıtmaq istəmirdim. Bu, depressiya idi. Heç nədən həzz almırdım. Düşünürdüm ki, uğur qazanmaq üçün bu əzabdan keçməliyəm”.
Dünya Çempionatının 2018-ci il qalibi həmin turnirdən sonra da ciddi psixoloji çöküş yaşadığını deyib: “Xəyalına çatırsan, dünya futbolunun zirvəsinə çıxırsan, sonra isə boşluq gəlir. Pandemiya dövrü mənə bu vəziyyətdən çıxmağa kömək etdi. Hisslərimlə üzləşdim və yenidən başladım”.
Varan futbolçuların qrafikinin həm fiziki, həm də psixoloji sağlamlığa ağır təsir etdiyini vurğulayıb: “Qrafik dəhşətlidir. Ya 100 faiz oynayırsan və robotlaşırsan, ya da öz oyunun olmur. Fiziki zədələr artır, psixoloji yük isə daha da ağırlaşır. Bu, futboldan ayrılmağıma səbəb olan amillərdən biri idi”.
Qeyd edək ki, Varan 2011–2021-ci illərdə “Real”ın heyətində çıxış edib və bu müddətdə La Liqanı üç dəfə, İspaniya kubokunu bir dəfə, Çempionlar Liqasını isə dörd dəfə qazanıb.