
"Karvan-Yevlax"ın baş məşqçi məsələsi gündəmin əsas müzakirə mövzularından biridir. Komandanın rəsmi çalışdırıcısı kimi tanınan Azər Həşimovla klub arasında müqavilənin ləğvi ilə bağlı hansısa rəsmi açıqlama verilməyib. Lakin "Qarabağ"la oyunda "Karvan-Yevlax"ın texniki zonasında Füzuli Məmmədovun yer alması və kollektivi birbaşa idarə etməsi ciddi suallar doğurub.
Məsələ burasındadır ki, Füzuli Məmmədovun baş məşqçi kimi təyinatı ilə bağlı da klub tərəfindən heç bir rəsmi məlumat paylaşılmayıb. Belə bir vəziyyətdə eyni anda iki baş məşqçinin olması hüquqi baxımdan ziddiyyət təşkil edir. Azər Həşimovla müqavilə hələ də qüvvədədirsə, yeni təyinat qanunsuz sayıla bilər.
Sport1.az-a daxil olan məlumata görə, Azər Həşimov məsələni hüquqi müstəvidə həll etməyə çalışır. Mütəxəssis bu məqsədlə tanınmış vəkil Elcan Həsənli ilə razılaşıb. Hazırda hüquqşünas klub rəsmiləri ilə danışıqlar aparır. Qarşılıqlı razılıq əsasında bir həll yolu tapılmasa, Azər Həşimov və onun vəkili AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etməyi planlaşdırırlar.
MƏHƏMMƏD HÜSEYNOV