
“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 14-cü turunda “Sanderlend”lə qarşılaşma öncəsi komandanın zədəli futbolçularının durumu barədə danışıb.
Sport1.az xəbər verir ki, niderlandlı mütəxəssis əsasən Konor Bredli və Ceremi Frimponqun vəziyyətinə toxunub:
“Dünən Bredli uzun fasilədən sonra ilk dəfə komanda məşqinə qatıldı. Hələ tam hazır deyil, üzərində bir az işləmək lazım gəlir. Amma onun əsas qrupla məşqlərə qayıtması müsbət haldır. Frimponqdan da eyni şeyi növbəti həftə gözləyirik. Təəssüf ki, ardıcıl çox oyun keçiririk və əgər Ceremi gələn həftə bizimlə məşqə başlasa belə, hələ ən azı üç matçı buraxacaq”.
Qeyd edək ki, İngiltərə çempionatında 13 turdan sonra “Liverpul” 21 xalla 8-ci, “Sanderlend” isə 22 xalla 6-cı pillədə qərarlaşıb.