
“Barselona”nın qapıçısı Voyçex Şensni baş məşqçi Hansi Flikin ona siqaret çəkməyə necə icazə verdiyini danışıb.
Sport1.az Sport.es-ə istinadən xəbər verir ki, polşalı qolkiper bu barədə maraqlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, yaxın günlərdə Fliklə birlikdə saunada olarkən siqaret çəkməsi barədə fikrini soruşub və alman mütəxəssis belə cavab verib:
“Mənə meydanda nə etdiyin vacibdir. Əgər super-peşəkarsansa, hətta mükafatlandırma mərasimi zamanı da siqaret çəkə bilərsən”.
Şensni daha əvvəl də bu vərdişinə görə problem yaşamışdı. 2015-ci ildə “Arsenal”da oynadığı vaxt o, “Sauthempton”la oyundan sonra duşda siqaret çəkdiyi üçün baş məşqçi Arsen Venger tərəfindən start heyətindən kənarlaşdırılmış və az sonra “Roma”ya icarəyə göndərilmişdi.
Qeyd edək ki, Şensni 2024-cü ilin avqustunda karyerasını bitirsə də, həmin ilin oktyabrında “Barselona”ya qoşularaq futbola qayıdıb. Bu mövsüm 9 matça çıxan qapıçı 17 qol buraxıb.