
Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
Sport1.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində Ayxan Abbasovla yaşanan emosional anlara görə qırmızı vərəqə alan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç oyun bitdikdən sonra jurnalistlərin suallarını qısa şəkildə, ayaqüstü cavablandırıb. Mətbuat konfransı keçirilməsə də, serbiyalı mütəxəssis matça dair fikirlərini belə bildirib:
“Çətin oyun oldu. ‘Şamaxı’ya qarşı oynamaq çətindir. Xüsusilə də süni örtüklü meydançada. Oyunumuz yaxşı alındı. İki gözəl qol vurduq. Sevincliyik”.
İliç matçın sonunda yaşanan mübahisəni belə izah edib:
“Bu, mənim səhvimdir. Rəqib komandanın baş məşqçisindən də üzr istəyirəm. Bu, futboldur, emosiyalar olur. Gərək olmayaydı. Özüm də futbolçu olmuşam. Xüsusi olaraq kiməsə göstərdiyim jest yox idi. Təəssüf ki, belə oldu”.