
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ule Qunnar Sulşer Karlo Ançelotti ilə bağlı maraqlı bir hadisəni nəql edib.
Sport1.az xəbər verir ki, BBC Sport-a danışan norveçli mütəxəssis italiyalı həmkarının “Old Trafford”da işləməkdən niyə uzaq durduğunu açıqlayan epizodu bölüşüb.
Hadisə Premyer Liqa qarşılaşması zamanı baş verib. O dövrdə “Everton”un baş məşqçisi olan Karlo Ançelotti səhvən rəqibin texniki zonasına daxil olub. Sulşer həmin anı belə xatırlayıb:
“Öz texniki zonamda dayanmışdım, dördüncü hakim yanımda idi. Karlo bizə yaxınlaşdı və artıq mənim sahəmə keçmişdi. Hakim ona dedi: “Karlo, öz zonana qayıtmalısan, əlbəttə əgər Ulenin (Ule Qunnar Sulşerin – red.) işini almaq istəmirsənsə”. O isə gülümsəyərək cavab verdi: “Yox, yox. Bu vəzifədə təzyiq çox böyükdür. Mən belə məsuliyyət istəmirəm”. Sonra geri döndü. Mən isə düşündüm ki, təzyiq əslində bir imtiyazdır. Bu fikri Karlo özü də tez-tez deyirdi”.
Norveçli mütəxəssis əlavə edib ki, “Real”, “Milan” və “Bavariya” kimi nəhəngləri çalışdıran Ançelotti, “Mançester Yunayted” ətrafındakı xüsusi atmosferi həddindən artıq gərgin hesab etdiyindən “Old Trafford” variantına heç vaxt yaxın durmayıb.
Hazırda italiyalı məşqçi yeni sınağa hazırlaşır. O, 2025-ci ilin mayından rəhbərlik etdiyi Braziliya millisi ilə 2026 Dünya Çempionatında kubok uğrunda mübarizə aparacaq.