
“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Federiko Valverdeni transfer hədəfləri siyahısına daxil edib.
Sport1.az Mirror-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi uruqvaylı futbolçunun Madrid klubundakı vəziyyətini yaxından izləyir.
Məlumata görə, Valverde “kral klubu”nda Xabi Alonsonun idarəetmə tərzindən narazı olan bir neçə oyunçudan biridir. Əgər münasibətlərdəki vəziyyət dəyişməzsə, o, İspaniya nəhəngindən ayrılmağa hazırdır.
Madrid təmsilçisi 27 yaşlı yarımmüdafiəçini 100 milyon funt sterlinqdən aşağı məbləğə satmaq fikrində deyil. “Mançester Yunayted” isə mümkün transferi təxminən 70 milyon funt sterlinq civarında qiymətləndirir.
Qeyd edək ki, Valverde bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.