
“Çelsi”nin sabiq baş məşqçisi Roberto Di Matteo London klubunun 18 yaşlı hücumçusu Eştevaonun yüksək potensiala sahib olduğunu deyib.
Sport1.az Metro-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis gənc braziliyalının qısa müddətdə İngiltərəyə uyğunlaşmasının təsadüfi olmadığını bildirib:
“Onun yaşı ilə müqayisədə nə qədər yetkin göründüyü heyrətamizdir. Klublararası Dünya Çempionatında “Palmeyras”la oynayanda onu izləyirdim, amma yeni ölkəyə, yeni dilə, yeni mühitə gəlib bu qədər yaxşı başlamasını gözləmirdim. Bu, bir qədər məni təəccübləndirdi”.
Di Matteo Eştevaonun ilk gündən xüsusi istedad təsiri bağışladığını da vurğulayıb:
“O, təsirli futbolçudur. ABŞ-də onu ilk dəfə görəndə düşündüm: “Bu, həqiqətən xüsusi bir istedadıdır”. Hələ çox gəncdir və tədricən inkişaf edir. Çox bacarığı və keyfiyyəti var, zaman keçdikcə daha da güclənəcək. O, yüksək səviyyəli oyunçuya çevriləcək”.
Qeyd edək ki, Eştevao bu mövsüm Premyer Liqada keçirdiyi 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.