
“Bavariya”nın hücumçusu Harri Keyn klubdakı gələcəyi barədə danışıb.
Sport1.az xəbər verir ki, ingilis forvard mətbuat konfransında Münhen təmsilçisinə keçidinin karyerası üçün çox doğru addım olduğunu bildirib:
“Bavariya”ya transfer həyatımın ən yaxşı qərarlarından biri idi. Yeni liqa, yeni mədəniyyət, Avropa gecələri, fərqli oyunçularla bir arada olmaq – bütün bunlar məni daha da inkişaf etdirdi. Karyeramda böyük addım idi və daha yaxşı futbolçu olmağıma kömək etdi”.
31 yaşlı forvard gələcəyi ilə bağlı mövqeyini də aydın şəkildə ifadə edib:
“Burada daha uzun müddət qalmağa tam hazıram. Avropanın ən güclü komandalarından biriyik. Heç bir kluba baxıb “orada daha yaxşı inkişaf edərəm” demirəm. Burada doğrudan da xoşbəxtəm. Müqaviləmin başa çatmasına 18 aydan bir az çox qalıb. Yaxın aylarda klubla gələcəyimiz barədə danışacağıq. Bildirə bilərəm ki, hazırda çox xoşbəxtəm və yaxın gələcəkdə dəyişiklik görmürəm”.
Qeyd edək ki, H.Keyn 2023-cü ildə “Tottenhem”dən “Bavariya”ya transfer olunub və Almaniya çempionluğu (2024/25) ilə Superkubokun (2025) qalibi olub.